İQTİSADİYYAT
Bakıda əfqanıstanlı gömrükçülər üçün seminar keçirilir
Bakı, 20 sentyabr, AZƏRTAC
Dünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində əfqanıstanlı gömrükçülər və bu ölkənin digər sərhəd qurumlarının nümayəndələri üçün təşkil olunan seminar öz işinə başlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarın açılış mərasimində Əfqanıstan İslam Respublikası Gömrük Departamentinin baş direktoru Əhməd Rəşad Popal da iştirak edib.
Seminarın gedişində Dünya Gömrük Təşkilatının mütəxəssisləri tərəfindən təşkilatın diaqnostik vasitələrindən istifadə etməklə Əfqanıstan İslam Respublikasının Gömrük Departamentinin diaqnostikasını tamamlamaq, ticarətin asanlaşdırılması istiqamətində həyata keçiriləcək tədbirlər barədə iştirakçılara ətraflı məlumat veriləcək.
Əfqanıstan gömrük xidmətinin əməkdaşları Azərbaycan gömrüyündə həyata keçirilən islahatlar, tətbiq olunan yeniliklər barədə də məlumatlandırılacaq, qonaqlar Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının və Heydər Əliyev Adına Beynəlxalq Hava Limanının iş rejimi ilə yaxından tanış olacaqlar.
Seminar sentyabrın 29-da başa çatacaq.