CƏMİYYƏT


Bakıda ekoloji aksiya keçirilib

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bilgəh çimərliyi ərazisində “Topla, təmizlə, fərqi gör!” şüarı altında ekoloji aksiya keçirilib.

AZƏRTAC xəbər verir ki, ənənəvi tədbir “Coca-Cola” şirkəti, “PAŞA Bank”, “Bakcell” mobil operatoru, “ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Bakı Nəqliyyat Agentliyi və “Let’s Do It Azerbaijan” proqramı tərəfindən təşkil edilib.

Aksiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri Sabunçu Rayonu İcra Hakimiyyəti və “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə keçirilib. Bu il aksiyaya “Green Baku” ekoloji gənclər birliyi, “Bir” tələbə-könüllü proqramı, Azərbaycan Velosiped İdmanı Federasiyası, Milli Olimpiya Komitəsi, AFFA, “ADA” Universiteti, “Youth Inc.” gənclərin sahibkarlıq proqramı və “Hard Rock Cafe” də qoşulub.

Bilgəh çimərliyi ərazisindən zibillərin təmizlənməsi üzrə genişmiqyaslı aksiyada 500-dək könüllü iştirak edib. Əlverişsiz hava şəraitinə baxmayaraq, yüzlərlə könüllü sahilyanı ərazini zibillikdən təmizləyib. Aksiya ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitə məsuliyyətli münasibətin formalaşmasına, habelə əhalinin maarifləndirilməsinə yönəldilib.

Aksiya iştirakçıları nəqliyyat, “futbolka” və ərazini təmizləmək üçün lazımi inventarla təchiz edilib. Yığılan zibil “Təmiz şəhər” ASC-nin və Sabunçu Rayon İcra Hakimiyyətinin köməyilə yük maşınlarında poliqona aparılıb.

Aksiyanın sonunda könüllülər üçün əyləncəli proqram təşkil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.