CƏMİYYƏT
Bakıda estetik və yaşlanma əleyhinə təbabət üzrə I Azərbaycan konqresi öz işinə başlayıb
Bakı, 28 noyabr, AZƏRTAC
Noyabrın 28-də Bakıdakı “Four Seasons” hotelində estetik və yaşlanma əleyhinə təbabət üzrə I Azərbaycan konqresi -AAAMC-2014 öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, estetik cərrahiyyənin problemlərinə və perspektivlərinə həsr olunan bu mühüm tədbirə İngiltərə, Belçika, Almaniya, İsrail, İtaliya, İspaniya, Fransa, İsveçrə, Rusiya, Ukrayna və Polşadan 25 aparıcı mütəxəssis qatılıb. Estetik təbabət bu gün gözəllik və sağlamlıq aləminin ayrılmaz hissəsinə çevrilib. Artıq xeyli vaxtdır ki, estetik təbabət özünü gənclik və gözəllik anlayışının etibarlı köməkçisi kimi təsdiq edərək ən müxtəlif ideyaların reallaşdırılması üçün cəlbedici imkanlar təklif edir. Kosmetoloji məhsulların, avadanlığın və cavanlaşmanın innovasiyalı üsullarının müxtəlifliyi bəzən heyrət doğurur. Lakin ən son təmayül və yeniliklərdən xəbərdar olan peşəkar mütəxəssis təklif olunan metodların mütərəqqiliyini həmişə qiymətləndirir və əldə etdiyi bilikləri savadlı tətbiq edir.
Konqresin açılışında çıxış edən tibb elmləri doktoru, dermatoveneroloq Sənan Kərimov bildirib ki, Bakı iki gün ərzində dünya estetik təbabətinin mərkəzinə çevriləcəkdir. Konqresin estetik təbabət və dermatologiya sahəsində təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının iqtisadi inkişafı fonunda digər sahələrlə birlikdə estetik təbabət də xeyli irəli gedibdir. Ölkəmizdə həkim-kosmetoloqların və plastik cərrahların peşəkarlıq səviyyəsi gündən-günə artır.
Açılışda çıxış edənlər bildiriblər ki, konqresdə yeni nəzəri, praktiki bilik və vərdişlərin əldə edilməsi, maraqlı elmi müzakirələrdə iştirak, yüksək səviyyədə formal və qeyri-formal ünsiyyət üçün geniş imkanlar olacaqdır.
Konqresin ikinci gününün sonunda Qala-axşam çərçivəsində estetik təbabət, plastik cərrahiyyə və kosmetologiya sahəsində illik milli “Art of Beauty Award” mükafatının təntənəli təqdimetmə mərasimi baş tutacaqdır. Aparıcı xarici və yerli ekspertlərdən ibarət münsiflər heyətinin qərarı ilə ölkəmizin ən yaxşı mütəxəssisləri 2014-cü ildə peşə fəaliyyətlərinin nəticəsi kimi öz mükafatlarını alacaqlar.