MƏDƏNİYYƏT
Bakıda fəaliyyətə başlayacaq Macarıstan Mədəniyyət İnstitutunun planlarından danışılıb
“Sübhün səfiri” filminin təqdimatı ilə əlaqədar Budapeştdə olan Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar Macarıstan Yazıçılar İttifaqında olub və qurumun sədri Yanoş Sent-Martinlə, müasir macar ədəbiyyatının aparıcı simaları ilə görüşüb.
Görüşdə iki ölkənin yaradıcılıq təşkilatları arasında qarşılıqlı əməkdaşlığın inkişafı yolları barədə fikir mübadiləsi aparılıb. Ədəbi-bədii jurnalların müştərək saylarının hazırlanması, qarşılıqlı səfərlər, hər iki ölkəni təmsil edən tanınmış qələm adamlarının əsərlərinin tərcümə və nəşri məsələlərinin vacibliyi qeyd edilib.
Görüşdə iştirak edən ölkəmizin macarıstandakı səfiri Vilayət Quliyev Azərbaycanın klassik və müasir ədəbiyyat nümunələrinin macar dilinə tərcüməsi və nəşri istiqamətində görülən işlərdən danışıb, bir sıra yeni nəşrləri Macarıstan Yazıçılar İttifaqının kitabxanasına hədiyyə edib.
“Sübhün səfiri” filminin yaradıcı heyətinin başqa bir görüşü Macarıstanın Milli Ehtiyatlar Nazirliyində keçirilib.
Nazirliyin mədəniyyət və incəsənət departamentinin rəisi xanım Dora Hausenblaxla söhbət zamanı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müstəqillik illərində mədəniyyətin və ədəbiyyatın inkişafı istiqamətində ölkəmizdə görülən işlərdən danışıb. Qonağa Macarıstanın mədəniyyət siyasəti və bu siyasətdə Azərbaycanın yeri, eləcə də yaxın vaxtlarda Bakıda fəaliyyətə başlayacaq Macarıstan Mədəniyyət İnstitutunun planları barəsində məlumat verilib.
Sonra Budapeştin mərkəzindəki “Urania” milli kino mərkəzində “Sübhün səfiri” filminin təqdimatı keçirilib.
Film nümayişindən əvvəl səhnəyə dəvət olunan yaradıcı heyət – ssenari müəllifi, Xalq Yazıçısı Anar, rejissoru, Xalq Artisti Ramiz Həsənoğlu və baş rolun ifaçısı, Xalq Artisti Rasim Balayev XIX yüzilliyin böyük azərbaycanlısı Mirzə Fətəli Axundzadənin həyat və mübarizəsinə həsr olunan bu ekran əsəri barədə tamaşaçılara məlumat veriblər.
Böyük maraqla qarşılanan filmin nümayişindən sonra “Urania” milli kino mərkəzində yaradıcı heyət üzvlərinin mətbuat konfransı və macar tamaşaçıları ilə görüşü keçirilib.
Təqdimat mərasimində bir sıra macar televiziyalarının, qəzet və elektron nəşrlərin təmsilçiləri iştirak ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt