ELM VƏ TƏHSİL
Bakıda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı keçirilir
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Bakıda “Aysberq” hotelində “İnformasiya cəmiyyəti müasir müdafiə və hücum sisteminin əsası kimi” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq konfransı işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı və qrant layihəsi əsasında gerçəkləşən tədbirə elmi-təşkilati dəstəyi Bakı Avrasiya Universiteti göstərir.
EİF-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, İtaliya, Türkiyə və Qırğızıstanın gənc alimlərinin iştirak etdikləri konfransın açılışında Fondun icraçı direktoru Elçin Babayev çıxış edərək son illər ölkədə dövlətin əsas prioritetləri sırasında gənclər siyasətinin xüsusi önəm daşıdığını vurğulayıb. Qeyd edib ki, informasiya müharibəsi Dağlıq Qarabağ münaqişəsinin həllində ən vacib detallardan biridir və son illər Azərbaycan bu istiqamətdə müdafiədən hücum siyasətinə keçib. Fondun növbəti “Mobillik qrantı” müsabiqələrindən biri məhz xarici ölkələrin arxivlərində Qarabağın tarixi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda alimlərimizin işləməsi üçün qrantların ayrılmasına həsr olunacaq. O, gənc alimləri bu məsələdə də fəal olmağa çağırıb.
Sonra “İnformasiya cəmiyyətinin dərk olunmasının yeni riyazi perspektivləri: modelə statistik mexaniki yanaşmalar və böyük məlumatların təhlil olunması”, “İnformasiya əsrində geosiyasət: geosiyasətdə dövlət gücünə yenidən baxılması”, “İnformasiya cəmiyyətinin mürəkkəbliyi” , “İnformasiya müdafiə və hücum vasitəsi kimi” mövzularında məruzələr dinlənilib.
Noyabrın 28-də başa çatacaq konfrans işini bölmə iclaslarında davam etdirib.