CƏMİYYƏT
Bakıda gənclərin beynəlxalq sağlamlıq forumu keçirilir
Bakı, 25 sentyabr (AZƏRTAC). Sentyabrın 25-də Bakıdakı “Excelsior” mehmanxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “Nur” Uşaq və Gənclərin İctimai Birliyinin (İB) təşkilatçılığı ilə gənclərin beynəlxalq sağlamlıq forumu işinə başlamışdır.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, forumda Portuqaliya, İrlandiya, Bosniya və Herseqovina, Litva, Rumıniya və Gürcüstandan olan gənclər iştirak edirlər.
Tədbirdə “Nur” Uşaq və Gənclərin İB-nin sədri Sevinc Muradova, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Nərmin Bağırova, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Natiq Umarov, Dünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin əməkdaşı Cəvahir Süleymanova və digər qonaqlar çıxış etmişlər. Bildirilmişdir ki, forumun keçirilməsində başlıca məqsəd gənclərin sağlam həyat tərzinin təbliği istiqamətində ən yaxşı təcrübələrin öyrənilməsindən, bu prosesdə hazırkı vəziyyətin təhlilindən, habelə gənclərin maarifləndirilməsi vasitəsilə ictimai səhiyyə sahəsinin inkişafının dəstəklənməsi və yeni təşəbbüslərin formalaşdırılmasından ibarətdir.
Daha sonra gənclərin sağlamlığı mövzusunda keçirilmiş esse müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.
Forum sentyabrın 28-dək davam edəcəkdir.