ELM VƏ TƏHSİL
Bakıda həmvətənlər üçün rus dilinin dəstəklənməsinə və qorunub saxlanmasına dair regional konfrans keçiriləcək
Oktyabrın 30-da saat 12:00-da Bakı Slavyan Universitetində Azərbaycandan və Gürcüstandan olan həmvətənlər üçün rus dilinin dəstəklənməsinə və qorunub saxlanmasına dair regional konfransın açılışı olacaq.
BSU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqram Moskva şəhərinin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamenti tərəfindən işlənib hazırlanıb və Bakı Slavyan Universitetinin fəal köməyi ilə Moskva şəhərinin dövlət unitar müəssisəsi – “Moskva Beynəlxalq Əməkdaşlıq Mərkəzi” və “Zlatoust” tədris-nəşriyyat mərkəzi tərəfindən həyata keçirilir.
Konfrans iştirakçı ölkələrin vahid informasiya-mədəniyyət məkanının qorunub saxlanmasına kömək göstərən kompleks səmərəli tədbirlərin müəyyənləşdirilməsi məqsədilə keçirilir.
İki gün ərzində üç məkanda rus dili mütəxəssisləri fikir mübadiləsi edəcəklər. Bakı Slavyan Universitetində Rusiya ekspertlərinin, Azərbaycan və Gürcüstan müəllimlərinin iştirakı ilə plenar iclas keçiriləcək, 160 saylı Klassik gimnaziyada orta məktəblərin rus dili müəllimləri üçün proqram təşkil olunacaq, Bakı Slavyan Universitetinin “məktəb-lisey” kompleksində isə ali məktəb müəllimləri üçün seksiya iclasları keçiriləcəkdir.
Seksiya iclasları çərçivəsində həmvətənlər arasında rus dilinin qorunub saxlanması və dəstəklənməsi, dilin tədrisində yeni texnologiyalardan istifadə edilməsi, rus dili və ədəbiyyatının öyrənilməsi prosesində milli-mədəni dəyərlərin qorunub saxlanması məsələlərinə dair çıxışlar, diskussiyalar və təqdimatlar planlaşdırılır.
Ümumiyyətlə, konfransda 100 nəfərin iştirakı planlaşdırılır. Onlardan 9-u Rusiya Federasiyasını, 8-i Gürcüstanı təmsil edir. Bakının ali və orta məktəblərinin nümayəndələri ilə yanaşı konfransın işində Azərbaycanın regionlarından (Naxçıvan Muxtar Respublikası, Sumqayıt, Şamaxı, Xaçmaz, Salyan, Göyçay, Tovuz, Şəmkir, Abşeron, Qusar, Quba, Lənkəran və Cəlilabaddan) 26 nümayəndə iştirak edəcəkdir.