İQTİSADİYYAT
Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənilməsinə başlanılmışdır VİDEO
Bakı, 13 yanvar (AZƏRTAC). Bakıda ictimai nəqliyyatda gediş haqlarının kartla ödənişi sisteminin tətbiqinə başlanılmışdır.
Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AZƏRTAC-a bildirmişdir ki, hazırda kartlar 10 və 95 nömrəli marşrutlarda tətbiq olunur. Fevralın sonuna kimi kart sistemi 36 marşrut xətti üzrə hərəkət edən 650 avtobusda tətbiq ediləcəkdir.
Kartın qiyməti 3 manatdır, onun 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Artıq 450 minə yaxın kart hazırdır. Bir milyona yaxın kart isə sifariş edilmişdir. Ümumilikdə proses 2014-cü ilin sonunadək başa çatdırılacaqdır. Xüsusi verifikatorlar paytaxtda fəaliyyət göstərən 1000 avtobusda quraşdırılmışdır.
Nəqliyyat kartından istifadə qaydaları barədə məlumat verən N.Həsənov demişdir ki, ictimai nəqliyyat istifadəçisi ilk dəfə kartın alınması üçün 2 manat (sığorta depoziti) və nəqliyyatda gediş haqlarının ödənilməsi üçün 1 manat ödəməlidir. Sığorta depoziti üçün ödənilmiş məbləğ istifadəçiyə kartı qaytararkən geri ödənilir. Nəqliyyat kartını yalnız “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrində geri qaytarmaq mümkündür. İstifadəçi kartı geri qaytararkən öz şəxsiyyət vəsiqəsini təqdim etməlidir.
İstifadəçi “Bank of Azerbaijan” ASC-nin satış nöqtələrindən, “Yolkart” loqosu ilə təchiz olunan ticarət obyektlərindən (Bakı şəhəri üzrə ticarət köşklərindən, “Qasid” firmasının köşklərindən, iri supermarketlərdən və digər ticarət obyektlərindən) ödəniş kartını ala, balansı artıra və yaxud balansı öyrənə bilər.
Nazirliyin rəsmisi bildirmişdir ki, gediş haqqının ödənilməsi sərnişinin avtobusa ön qapıdan daxil olduğu zaman həyata keçirilir. O, avtobusa daxil olaraq kartını validatora yaxınlaşdırır və kartından gediş haqqı silindikdən sonra avtobusun salonuna keçir. Gediş haqqının silinməsi ictimai nəqliyyatda olan müvafiq tarifə əsasən həyata keçirilir.
Həmçinin, kart sınarkən və ya zədələnərkən kartda istifadə edilməmiş məbləğ qalarsa, istifadəçi “Bank of Azerbaijan” ASC–nin satış nöqtələrinə müraciət etməklə (şəxsiyyət vəsiqəsini təqdim etmək vacibdir) yeni kart sifariş edə və istifadə edilməmiş balansı yararsız kartdan yeni karta köçürə bilər. Bu vaxt istifadəçi 2 manat həcmində sığorta depozitini yenidən ödəməlidir.
N.Həsənov bildirmişdir ki, nəqliyyat kartı adsız bank kartı olduğu üçün itirilmiş kartın balansının bərpası mümkün deyildir. Kart itirildiyi halda balansın geri alınması və ya digər karta köçürülməsi üçün istifadəçidən adlı kartın alınması tələb olunur. Bunun üçün “Bank of Azerbaijan” ASC–nin satış nöqtələrinə şəxsiyyət vəsiqəsini təqdim etməklə kartı qeydiyyatdan keçirmək olar. Bankda qeydiyyatdan keçirilmiş kart itirilərkən onu bloklaşdırmaq olar.