İQTİSADİYYAT
Bakıda ikinci CEO Lunch təşkil olunub
Bakı, 15 mart, AZƏRTAC
“Caspian European Club” (Caspian Business Club) və “Caspian American Club” martın 15-də Bakıda ikinci CEO Lunch keçirib.
“Caspian European Club” və “Caspian American Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev AZƏRTAC-a bildirib ki, CEO Lunch CEIBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü təşkil olunur. CEO Lunch çərçivəsində hökumətin iqtisadi blokunu təmsil edən dövlət qurumlarının rəhbərləri və CEIBC-nin üzv şirkətlərinin top menecerləri arasında qeyri-rəsmi ünsiyyət təşkil edilib.
Qonaq qismində СЕО Lunch-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Şahin Bağırov və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərini tənzimləmə Baş idarəsinin rəisi İsmayıl Abdullayev iştirak ediblər. Klubun yeni formatda tədbirini dəstəkləyən qonaqlar bunun dövlət və özəl sektor arasında daha sıx əməkdaşlıq qurmağa yardım edəcəyini vurğulayaraq, görüş iştirakçılarına təmsil etdikləri dövlət qurumları ilə əməkdaşlığı genişləndirmək imkanları barədə məlumat verib və onların fəaliyyətləri, həmçinin gələcək planları haqqında danışıblar.
Qeyri-rəsmi şəraitdə sahibkarların üzləşdikləri problemlər müzakirə olunub, ölkənin müxtəlif regionlarında biznesin aparılması üzrə onları maraqlandıran məsələlərə, həmçinin iqtisadiyyatın ayrı-ayrı sektorlarında əməkdaşlığın genişləndirilməsi üzrə təkliflərə toxunulub.
CEIBC-yə daxil olan və klubdakı iştirakını davam etdirən şirkətlər öz fəaliyyətləri barədə məlumat veriblər. Görüş iştirakçıları üçün “Spectra” şirkətinin direktoru Rasim İbrahimov və “Sağlam Ailə” Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli tərəfindən təqdimat keçirilib. Təqdimatda şirkətlərin fəaliyyəti və gələcək planları barədə məlumat əks olunub.
T.Əliyev “Caspian European Club”un 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını xatırladıb. O, “Caspian European Club”un sədrinin Prezident İlham Əliyev olduğu bildirilib. T.Əliyev qeyd edib ki, “Caspian American Club”un yaradılması təşəbbüsü də Azərbaycan dövlətinin başçısına məxsusdur.
Onun sözlərinə görə, təsis olunduğu ilk gündən “Caspian European Club” neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
“Caspian Energy”, “Caspian European Club”, “Caspian Business Club”, “Caspian American Club” və CEO qeydiyyatdan keçmiş ticarət nişanlarıdır və “Caspian Energy International Media Group”a məxsusdurlar.
CEO Lunch-da Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.