CƏMİYYƏT


Bakıda ikinci beynəlxalq parodontologiya və estetik stomatologiya konqresi keçirilir

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyinin dəstəyi ilə oktyabrın 28-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) “EstePerio-2016" ikinci beynəlxalq parodontologiya və estetik stomatologiya konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konqres Azərbaycan Parodontologiya Cəmiyyəti, Azərbaycan Estetik Stomatologiya Assosiasiyası və ADHTİ-nin stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının birgə əməkdaşlığı ilə təşkil edilib. Konqresin məqsədi Azərbaycanda parodontologiya və estetik stomatologiya sahəsinin inkişaf etdirilməsinə yardım etmək, dövlət və özəl sektorda fəaliyyət göstərən stomatoloqlar arasında maarifləndirmə işi apararaq onların bilik və təcrübələrini təkmilləşdirməkdir.

Tədbirə Böyük Britaniya, Belçika, Türkiyə, Rusiya və digər ölkələrdən parodontologiya və estetik stomatologiya sahəsində kliniki və elmi qabiliyyətlərinə görə beynəlxalq səviyyədə lider kimi tanınmış mütəxəssislər dəvət olunublar. Bu mütəxəssislərlə yanaşı, ölkəmizdə və xaricdə təhsil almış Azərbaycan alimləri və stomatoloqları da konqresin işində iştirak edirlər. Konqresdə elmi proqramla yanaşı, həkimlərimizin bu sahədəki praktik biliklərinin təkmilləşdirilməsi məqsədilə ustad dərsləri də keçiriləcək.

Konqresin açılış mərasimində çıxış edən ADHTİ-nin rektoru, professor Nazim Qasımov ölkəmizdə əhalinin sağlamlığının qorunmasında stomatologiya elminin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirilib ki, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində respublikada son texnologiyalara əsaslanan və müasir standartlara uyğun stomatoloji yardımın təşkil olunması danılmaz faktdır. Stomatoloji yardım göstərən mütəxəssislərə bilik və bacarıqlarını təkmilləşdirmək üçün hər cür şərait yaradılıb.

Digər çıxış edənlər də ağız boşluğu və diş xəstəliklərinin diaqnostikası və uğurlu müalicəsindən, estetik stomatologiyanın aktuallığından, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin Azərbaycanda tətbiqindən danışıblar.

Konqres işini oktyabrın 29-da sessiyalarla davam etdirəcək. Sessiyalarda aparıcı mütəxəssislərin parodontologiya, implantologiya, üz-çənə cərrahiyyəsi və estetik stomatologiyaya dair məruzələri dinləniləcək, müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.