İDMAN


Bakıda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının Qitələrarası hakimlik kursu start götürüb

Bakı, 17 yanvar, Elşad Qəzvini, AZƏRTAC

Yanvarın 17-də Bakıda ilk dəfə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qitələrarası hakimlik kursu start götürüb.

AZƏRTAC xəbər verir ki, bədii gimnastika üzrə təşkil edilən kurslar yanvarın 21-dək davam edəcək.

Tədbirin açılışında çıxış edən FIG-in birinci vitse-prezidenti Slava Korn yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını ifadə edib. Bildirib ki, bu seminar status baxımından bütün Olimpiya mərhələsini əhatə edir. Hakimlər üç gün ərzində öz biliklərini nümayiş etdirməyə çalışmalıdırlar.

AGF-nin baş katibi Fərid Qayıbov kursların uğurla keçəcəyinə əminliyini vurğulayıb.

FIG beynəlxalq hakimlik kursunu hər Olimpiya mərhələsində bir dəfə təşkil edir. Bu kurslar ən yüksək dərəcəli hakimlərin yetişdirilməsinə imkan yaradır və onlara status verir. Beynəlxalq yarışlarda iştirak hüququ qazanmaq istəyən hər bir hakim bu kurslarda iştirak etməlidir. Əks təqdirdə, həmin hakim Olimpiya mərhələsindən kənarda qalır. Kursların nəticəsində isə onlar imtahan keçməklə müəyyən dərəcələrə yiyələnirlər.

Bu ilin ilk dörd ayında bütün gimnastika növləri üzrə kursların keçirilməsi nəzərdə tutulub. Bu kurslar Olimpiya dövründə gimnastika növləri üzrə yalnız bir dəfə keçirilir və burada ən yüksək (birinci) hakimlik dərəcəsi verilir.

Bakıdakı kursda 48 ölkədən 101 nümayəndə təmsil olunur. Tədbirin ilk üç günündə nəzəri dərslər keçiriləcək və mühazirələr oxunacaq. Beş gün davam edəcək kursların son iki günündə isə imtahan olacaq.

Bundan başqa, yanvarın 26-dan 30-dək paytaxtımızda bədii gimnastika üzrə beynəlxalq kurslara başlanılacaq. Təxminən 65 hakimin qatılacağı beynəlxalq kurslarda da eyni qaydalar tətbiq ediləcək.

Fevralın 6-dan 9-dək isə təxminən 68 hakimin qatılacağı kişi idman gimnastikası üzrə hakimlik kursları təşkil ediləcək. Qitələrarası kurslardan fərqli olaraq, beynəlxalq kurslar gimnastikanın hər bir növü üzrə müəyyən sayda keçirilir və burada hakimlikdə ilk addımlarını atan mütəxəssislər də dərəcə qazana bilərlər. Lakin qitələrarası kurslarda daha çox iştirakçı olur. Bu baxımdan burada uğur qazana bilməyən hakimlər statusuna görə qismən aşağı dərəcədə olan beynəlxalq kurslarda özlərini sınaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.