CƏMİYYƏT
Bakıda ilk dəfə olaraq “SHE Congress” beynəlxalq qadınlar konqresi keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Bakıda ilk dəfə olaraq “SHE Congress” (“Smart. Happy. Elegant.”) beynəlxalq qadınlar konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, konqresdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova və müxtəlif sahələr üzrə fəal qadınlar iştirak edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışı zamanı bildirib ki, Azərbaycan tarixinin bütün dövrlərində qadın mövzusu aktual olub. Dövlətimizin apardığı siyasət məhz qadınların bilik və bacarıqlarını bir-biri ilə paylaşması, dəstək olmasıdır. “Bir cəmiyyətdə ki, qadına böyük qiymət verilir, orada uğur olacaq. Bizim qadınların ən yüksək inkişaf dövrü sovet dövrünə təsadüf edib. Həmin vaxtlarda Azərbaycan qadınlarının əksəriyyəti təhsilli olublar. Ali təhsilli qadın güclü dövlətin təməlidir. Bu səbəbdən qadın məsələlərinə fərdi qaydada baxmaq olmaz. Qadının gücü ailə və ailə münasibətindədir”, - deyə S.Qəhrəmanova deyib.
Deputat Qənirə Paşayeva bildirib ki, qadınların cəmiyyətdə kişilərlə bərabər hüquqlu olması üçün ilk növbədə kənd yerlərində islahatlar aparılmalıdır. Qızların, qadınların hüquqlarının pozulmasını araşdırmaq üçün ilk növbədə cinsi seleksiya məsələlərinə nəzər yetirmək lazımdır. “Çox təəssüflər olsun ki, hələ də ölkədə oğlan övladlarına üstünlük verən ailələrimiz var. Bu istiqamətdə işlər görməliyik, bölgələrə, kəndlərə səfərlər edib, qadınlarımızı maarifləndirməliyik, onlara dəstək olmalıyıq”,- deyə Q.Paşayeva əlavə edib.
Digər çıxış edənlər “SHE Congress” layihəsi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, layihənin əsas məqsədi özünə xas və biznesdə artıq sözünü demiş, ailə həyatını və analığı karyerası ilə uğurla uyğunlaşdıra bilən qadınların təcrübəsini işini evlə uyğunlaşdırmaqda çətinlik çəkən və biznesdə ilk addımları atanlarla bölüşməkdir.
Qeyd edək ki, Bakıda ilk dəfə keçirilən “SHE Congress”in təməli 2014-cü ildə Kiyevdə qoyulub və artıq üç dəfə müxtəlif şəhərlərdə təşkil olunub. “SHE Congress”də 5 ölkəni təmsil edən 27 işgüzar qadın çıxış edib şəxsi təcrübələri ilə bölüşüblər.