CƏMİYYƏT
Bakıda kafedə qətl hadisəsi törətmiş şəxslər ölkədən qaçmaq istəyərkən saxlanılıblar VİDEO
Bakı, 21 sentyabr, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi sahəsində həyata keçirilən tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 20-də Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsindən dövlət sərhədini İran İslam Respublikası istiqamətində pozmağa cəhd göstərən 2 nəfər və onlara vasitəçilik edən 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb.
Müəyyən olunub ki, Azərbaycan vətəndaşı Əliyev Rövşən Natiq oğlu sentyabrın 18-də Bakı şəhərində yerləşən “Lion” kafesində baş vermiş qətl hadisəsində şübhəli bilinən və cinayət yerindən qaçmış, əvvəllər məhkum olunmuş Ağayev Niyaməddin Xanhüseyn oğlu və Hətəmov Nurəddin Nurməmməd oğlunu dövlət sərhədindən qanunsuz keçirmək məqsədilə idarə etdiyi avtomaşınla Biləsuvar rayonunun sərhədyanı ərazisinə apararaq kömək edib.
Dövlət Sərhəd Xidməti əməkdaşlarının sayıqlığı nəticəsində Hətəmov Nurəddin Nurməmməd oğlu, Ağayev Niyaməddin Xanhüseyn oğlu və Əliyev Rövşən Natiq oğlu sərhədyanı ərazidə saxlanılıblar.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.