ELM VƏ TƏHSİL


Bakıda karyera inkişafı sərgisi açılıb

Bakı, 9 iyun, Xatirə Cəfərova, AZƏRTAC

“SABAH” qrupları və Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən iyunun 9-da Bakıda karyera inkişafı sərgisi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, 31 şirkətin təmsil olunduğu sərginin keçirilməsində məqsəd cari tədris ilində işəgötürənlərin diqqətinin “SABAH” qrupları məzunlarına yönəldilməsi, onların birbaşa şirkət nümayəndələri ilə görüş və tanışlığına imkan yaradılmasıdır. Sərgidə 38 ixtisas üzrə təhsil alan tələbələr təcrübə proqramları və işə qəbul vakansiyaları ilə tanış olmaqla yanaşı, CV-lərini birbaşa şirkətlərə təqdim edə biliblər.

“AmCham”ın icraçı direktoru Natəvan Məmmədova özəl sektorla təhsil sisteminin daimi tərəfdaşlığının önəmini qeyd edərək “SABAH” qruplarının ölkəmizin əmək bazarına böyük töhfə verəcəyinə əminliyini vurğulayıb. Tələbələrə uğurlar arzulayan icraçı direktor sərgi vasitəsilə gənclərin ölkəmizin aparıcı şirkətlərində işlə təmin olunacağına ümid etdiyini bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov sərginin tələbə və məzunların gələcək karyeraları üçün geniş imkanlar yaratdığını vurğulayıb və “SABAH” qrupları layihəsinin peşəkar kadr hazırlığında rolundan danışıb. Nazir müavini “SABAH” məzunlarına dəstək verilməsi məqsədilə görülən işlər barədə məlumat verib. O, məzunların ölkəmizin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edərək onlara uğurlar arzulayıb.

Qeyd edilib ki, “SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə yeddi ali təhsil müəssisəsində yaradılıb. Hazırda bu qruplar 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 46 ixtisas və 2 min 300-dən artıq tələbəni əhatə edir. “SABAH” qruplarının ilk məzunlarının sayı 2016-2017-ci tədris ili üzrə 722 nəfərdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.