İQTİSADİYYAT
Bakıda keçiriləcək 3D-çap konfransına üç gün qalır
Bakı, 9 fevral, AZƏRTAC
Bakıda 3D-çap konfransına üç gün qalır.
AZƏRTAC xəbər verir ki, fevralın 12-də “Park İnn” otelində “3D Print Conference Baku” konfransı keçiriləcək.
Konfransda 3D-printerlərinin işi ilə tanış olmaq, onların tətbiqi qaydalarını öyrənmək, eləcə də 3D texnologiyasının ekspertləri ilə ünsiyyət qurmaq imkanı yaranacaq.
Konfrans çərçivəsində təşkil olunacaq xüsusi ərazidə (demozona) printerlər və skanerlərin çeşidli modelləri, o cümlədən “3Doodler” qələmi, bəzək vurmaq üçün zərgərlik printeri, “PICASO 3D Designer” nümayiş olunacaq. “PICASO 3D Designer” qonaqların qarşısında “Alov qüllələri”nin kiçildilmiş surətini çap edəcək.
Ekspozisiyada 3D-çapı üzrə ixtisaslaşmış şirkətlər, o cümlədən 3D Project, Consistent Software Distribution, Inter-Technics, Lenincraft və başqaları iştirak edəcəklər.
Konfransda ABŞ, Rusiya, Türkiyə və Avropanın digər ölkələrindən məruzəçilər çıxış edəcək, 3D-çapının səmərəsi, istifadə olunan materialların dəyəri, əməkdaşların təlimi, texnologiyanın biznesə tətbiqi, 3D-çap bazarının perspektivləri və digər məsələlər barədə danışacaqlar.