İDMAN


Bakıda keçiriləcək Arena Polo Dünya Kuboku yarışında dörd komanda iştirak edəcək

A+ A

Bakı, 8 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə sentyabrın 9-dan 11-dək Bakıda “CBC Sport” Arena Polo Dünya Kuboku yarışı keçiriləcək. Binə Atçılıq Mərkəzindəki “Elit Atçılıq və Polo” klubda təşkil ediləcək yarışda dörd beynəlxalq polo klubunu təmsil edən komanda kubok uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri ARAF-ın baş katibi Bəhruz Nəbiyev dünya kuboku yarışları ilə əlaqədar sentyabrın 8-də təşkil olunan mətbuat konfransında deyib.

Baş katib bildirib ki, yarışlara sentyabrın 9-da saat 18:00-da start veriləcək. Turnirin sonuncu günü - sentyabrın 11-də üçüncü yer uğrunda oyun və final qarşılaşması keçiriləcək.

B.Nəbiyev qeyd edib ki, yarışda yüz polo atı komandaların ixtiyarına veriləcək. Onların 80-i Argentinadan, 20-si isə Qarabağ bölgəsindən gətirilib. Dünya kuboku çərçivəsində paytaxtımızda “Bakı-Morits polo gecəsi” adlı tədbir də təşkil olunacaq.

Artıq bir neçə ildir ki, ARAF-ın Beynəlxalq Polo Federasiyası (BPF) ilə birlikdə yüksək səviyyəli arena polo üzrə turniri təşkil etdiyini deyən B.Nəbiyev bildirib ki, Federasiyanın prezidenti Elçin Quliyevin əməyi nəticəsində son dörd ildə polo ölkəmizdə beynəlxalq səviyyəyə çatdırılıb. Ötən il arena polo üzrə birinci Avropa çempionatında Azərbaycan komandasının qalib gəlməsi buna ən parlaq misal ola bilər.

“Son illərdə Azərbaycanın paytaxtında ARAF, BPF və “Elit Atçılıq və Polo” klubunun birgə təşkilatçılığı ilə üç uğurlu polo turniri keçirilib. Bakıda atçılığın polo növü üzrə iki dəfə dünya kuboku yarışları təşkil olunub. Cari ildə Azərbaycan arena polo üzrə birinci Avropa çempionatına ev sahibliyi edib”, - deyə Bəhruz Nəbiyev vurğulayıb.

Qeyd olunub ki, yarışların Bakıda keçirilməsi artıq beynəlxalq miqyasda idman ölkəsi kimi tanınan Azərbaycanda polo idmanını inkişaf etdirmək üçün çox mühüm vasitədir.

Sonra Beynəlxalq Polo Federasiyasının prezidenti Reto Qaudenzi yarışın qaydaları barədə iştirakçılara məlumat verib. Bildirilib ki, Bakı üç gün ərzində məftunedici polo yarışı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən gələn qonaqları qəbul edəcək.

Sonra komandaların təqdimatı olub.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də Arena Polo Dünya Kuboku yarışının rəsmi media tərəfdaşıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.