CƏMİYYƏT
Bakıda keçiriləcək Avropa Oyunlarında 1 saylı Kliniki Tibbi Mərkəz baza xəstəxanası olacaq
Bakı, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Səhiyyə Nazirliyi tərəfindən jurnalistlər üçün 1 saylı Kliniki Tibbi Mərkəzinə məlumat turu təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məlumat turu zamanı mərkəzin baş həkimi Sultan Əliyev belə tədbirlərin keçirilməsinin şəffaflığın artırılmasına xidmət etdiyini diqqətə çatdırıb.
Baş həkim bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunları zamanı 1 saylı Kliniki Tibbi Mərkəz baza xəstəxanası kimi təyin olunub. İdmançıların, turistlərin müayinədən keçmələri üçün mərkəzdə xüsusi şöbələr yaradılacaq.
O, mərkəzin Almaniya istehsalı olan ən müasir avadanlıq və tibbi ləvazimatlarla tam təmin olunduğunu, 760-800 çarpayılıq tibb müəssisəsində 2000 nəfərə yaxın işçinin çalışdığını bildirib. Qeyd edilib ki, mərkəzdə tibbin bütün sahələri üzrə kompleks müayinə və müalicələrin aparılması üçün hər cür şərait var.
Sonda jurnalistlər mərkəzin müxtəlif şöbələrinin fəaliyyəti ilə tanış olublar.