İQTİSADİYYAT
Bakıda keçiriləcək “Dayanıqlı inkişaf üçün enerji” Forumunda 56 ölkənin nümayəndəsi iştirak edəcək
Bakı, 21 sentyabr, AZƏRTAC
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı ilə oktyabrın 18-21-də Azərbaycan hökuməti və BMT Avropa İqtisadi Komissiyası (AİK) tərəfindən Bakıda “Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumu, “Bərpa Olunan Energetikanın inkişafı” beynəlxalq konfransı və Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi üzrə Ekspertlər qrupunun növbəti sessiyası keçiriləcək.
ABOEMDA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə BMT AİK-in 56 üzv dövlətindən və BMT-nin digər regional komissiyalarına üzv olan ölkələrdən 300-dən çox hökumət rəsmiləri, beynəlxalq enerji ekspertləri, maliyyə və işgüzar sektorun nümayəndələri, elmi tədqiqatçılar, alimlər və ictimaiyyət nümayəndələri iştirak edəcək.
Tədbirlər çərçivəsində davamlı inkişaf hədəflərinə nail olmaq üçün maneələrin aradan qaldırılması, ölkələrin ətraf mühitə təsirlərin azaldılmasına dəstəyi, “Paris İqlim sazişi”ndən və Dayanıqlı İnkişaf Naminə Enerji (SE4ALL) üzrə razılaşdırılmış Fəaliyyət planından irəli gələn milli öhdəliklərin və çağırışların dünya dövlətləri tərəfindən tətbiqi istiqamətindəki fəaliyyətlərinin öyrənilməsi, karbon intensivliyinin azaldılmasında alternativ və bərpa olunan enerji mənbələrinin və enerji səmərəliyinin rolunun artırılması, bu istiqamətdə investisiya imkanlarının araşdırılması kimi mühüm məsələlər müzakirə olunacaq.