SİYASƏT


Bakıda keçiriləcək “Dəniz kuboku-2017”də 300-ə yaxın şəxsi heyət iştirak edəcək VİDEO

Bakı, 25 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC

Bakıda keçiriləcək “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsində 300-ə yaxın şəxsi heyət iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 25-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku-2017” beynəlxalq müsabiqəsinin nümayəndə heyətlərinin və hakimlər komissiyasının rəhbərlərinin iştirakı ilə təşkil olunan mətbuat konfransında yarışların baş hakimi, birinci dərəcəli kapitan Şahin Məmmədov deyib.

Ş.Məmmədov bildirib ki, avqustun 1-dən 11-dək Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirakı ilə keçiriləcək "Beynəlxalq Ordu Oyunları-2017" yarışları çərçivəsində Bakıda “Dəniz kuboku-2017” müsabiqəsi təşkil olunacaq. Müsabiqə üç mərhələdə - artilleriya atəşlərinin yerinə yetirilməsi, gəminin dayanıqlığı uğrunda mübarizə, xilasetmə və dəniz hazırlığı üzrə keçiriləcək.

Qeyd edib ki, müsabiqənin məqsədi iştirakçı ölkələrin silahlı qüvvələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması, təcrübə mübadiləsi və hərbi qulluqçular arasında dostluq münasibətlərinin yaranmasıdır.

“Dəniz kuboku-2017”də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “G-124”, “G-122” gözətçi gəmiləri, Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasından “Qrad Sviyajsk” kiçik raket, “CB-45” xilasetmə yedək gəmisi, İran Hərbi Dəniz Qüvvələrinin “Peykan”, “Cövşən” raket gəmiləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan”, “Sarıarka” raket-artilleriya və “Jayık” hidroqrafiya gəmiləri iştirak edəcək.

Müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün liman körpüləri, təlim-məşq kompleksləri və digər təlim mərkəzləri tam hazır vəziyyətdədir. “Dəniz kuboku - 2017” müsabiqəsinin planlaşdırılması əsnasında belə qərara gəlindi ki, müsabiqədə su tutumu 1000 tona qədər olan gəmilər iştirak etsin. Bu səbəbdən də tələblərə uyğun olaraq, bu kateqoriyadan olan raket, artilleriya gəmiləri iştirak edəcək”.

Diqqətə çatdırılıb ki, “Dəniz kuboku - 2017” beynəlxalq yarışının təntənəli açılış və bağlanış mərasimləri müvafiq olaraq, avqustun 1-də və 11-də keçiriləcək.

Rusiya nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Sergey Ekimov qeyd edib ki, 2015-ci ildən başlayaraq üçüncü ildir Rusiya Federasiyası Müdafiə Nazirliyinin ümumi rəhbərliyi ilə hər il ordu oyunları keçirilir. Bu oyunların miqyası ildən-ilə genişlənir. Bu gün də müşahidə edirik ki, Azərbaycan tərəfi öz ərazisində Xəzər dənizindən qonaqları qəbul edir. Dəniz kubokunun keçirilməsinin təşkili prinsip etibarı ilə ənənəvidir. Bu oyunlara hazırlıq tədris ili ərzində davam edib. Əvvəlcə, Rusiya tərəfinin ekipajları arasında seçmə yarışlar keçirilib və müvafiq olaraq Azərbaycana Rusiyanın ən yaxşı qalibi gəlib. Biz nümayəndələrimizin proqramda təklif olunan bütün müsabiqələrdə layiqli iştirakına və çıxışına ümid edirik. O deyib: “Fikrimcə, ordu oyunları çərçivəsində ən əsas məqsədimiz Xəzər dənizi regionunda hazırda daimi nizamlanmalı olan dostluq əlaqələrdir. Dostluq əlaqələrimiz inkişaf etdirilməsi və qarşılıqlı anlaşma keçirilən tədbirin əsas hədəfidir. Azərbaycan tərəfinə, o cümlədən müsabiqənin yüksək səviyyədə təşkilinə səy göstərən Hərbi Dəniz Qüvvələrinin komandanlığına təşəkkür edirəm.

Həqiqətən bu iki gün ərzində biz faktiki olaraq müsabiqənin keçiriləcəyi bütün meydançalarda olduq. Meydançalar yüksək hazırlıq səviyyəsindədir. Bütün lazımi avadanlıq təqdim edilib, məşqlərin qrafikləri razılaşdırılıb. Həm Hərbi Dəniz Qüvvələrinin bazasında, həm də şəhərdə hərəkət çox yaxşı təşkil olunub. Buna görə Rusiya tərəfi adından bir daha təşəkkürümü bildirirəm. Oyunların gələcəkdə də davam edəcəyinə, onların formatının genişlənəcəyinə əminəm”.

Qazaxıstan nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Ermek Bayqabulov Azərbaycanda yüksək səviyyədə qarşılandıqlarını vurğulayaraq deyib: “Buna görə Azərbaycan tərəfinə minnətdarlığımı bildirirəm. Sevindirici haldır ki, bu oyunların miqyası genişlənir. Cəmi bir tank biatlonu ilə başlayan müsabiqə hazırda praktiki olaraq 30-a yaxın müsabiqəni əhatə edir və onun coğrafiyası genişlənib. Yüksək təşkilatçılığa görə Azərbaycan tərəfinə minnətdarıq. İnanıram ki, yarışda iştirak edən dörd ölkənin təmsilçiləri ən yaxşı keyfiyyətlərini nümayiş etdirəcəklər. Müsabiqə ilə yanaşı, mədəni-kütləvi tədbirlərin proqramı da çox zəngindir. Qoy, güclü olan qalib gəlsin”.

İran nümayəndə heyətinin rəhbəri, 1-ci dərəcəli kapitan Seydi Mahmud Amuzeş isə bildirib ki, Bakıda keçirilən müsabiqə bölgədə sülhün, əmin-amanlığın və dostluğun daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu cür müsabiqələr, təlimlər peşəkarlığın artırılmasında da mühüm rol oynayır.

Mətbuat konfransında müsabiqənin təşkili və keçirilməsi qaydaları, təhlükəsizlik və digər təşkilati məsələlər, həmçinin müsabiqənin mərhələ və epizodları, o cümlədən onların keçiriləcəyi yerlər haqqında ətraflı məlumat verilib və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, iyulun 29-dan avqustun 12-dək 5 ölkə - Azərbaycan, Belarus, Qazaxıstan, Çin və Rusiya ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.