İQTİSADİYYAT
Bakıda keçiriləcək “EXPO-2017” Yaponiya qida məhsulları sərgisinin icraiyyə komitəsinin yığıncağı olub VİDEO
Tokio,24 avqust, AZƏRTAC
Tokioda cari ilin oktyabrında Bakı Biznes Mərkəzində təşkil ediləcək Yaponiya qida məhsulları sərgisinin icraiyyə komitəsinin növbəti yığıncağı keçirilib.
Əvvəlcə Yaponiyanın “Cross Border Club” şirkətinin prezidenti, sərginin təşkili üzrə icraiyyə komitəsinin sədri Kazuyasu İşida görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, iyulun 21-dən 27-dək 25 nəfər yapon iş adamından ibarət qrup sərginin təşkili ilə bağlı Bakıya səfər edib. Səfər çərçivəsində Azərbaycan tərəfdən sərgi ilə əlaqədar təşkilatçılar və şirkətlərlə görüşlər keçirilib. Əsasən Kənd Təsərrüfatı Nazirliyi, “Silkway West Airlines”, “Azərsun Holding”, “Bravo” və “Araz” supermarketlər qruplarının nümayəndələri ilə müzakirələr aparılıb. Həmin müzakirələr sərginin yüksək səviyyədə təşkilində mühüm rol oynayacaq.
Yığıncaqda sərginin nəqliyyat daşımaçılığını həyata keçirəcək “Connect Corporation” şirkətinin nümayəndələri məhsulların Heydər Əliyev Beynəlxalq Aeroportunun karqo terminalına və sərgi yerinə çatdırılması, yerləşdirilməsi ilə bağlı ətraflı məlumat veriblər. Qeyd edilib ki, həmin məhsullar Kavasaki aeroportundan Azərbaycana “Silkway West Airlines” şirkəti tərəfindən daşınacaq. Əldə edilən razılaşmaya əsasən, Azərbaycan tərəfinin köməyi ilə həmin məhsulların yüksək keyfiyyətdə saxlanması və sərgiyə gələn ziyarətçilərə təqdim edilməsi üçün hər cür şərait yaradılacaq.
Yığıncağın sonunda iştirakçıların sualları cavablandırılıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio