SİYASƏT
Bakıda keçiriləcək “Gənclik və qlobal çağırışlar” mövzusunda konfransın iştirakçıları Milli Məclisdə olublar
Bakı, 27 may, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Bakıda keçiriləcək “Gənclik və qlobal çağırışlar” mövzusunda konfransın iştirakçıları mayın 27-də Milli Məclisdə olublar.
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini Bahar Muradova ilə keçirilən görüşdə beynəlxalq gənclər təşkilatlarının - Beynəlxalq Gənc Demokratlar Birliyinin (İYDU), Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) və Avropa Demokrat Gənclər Birliyinin (DEMYC) təmsilçiləri iştirak ediblər.
Milli Məclis sədrinin müavinin qonaqların gözəl bayram ərəfəsində Bakıya gəldiklərini vurğulayaraq, 28 May – Respublika Günü münasibətilə keçirilən bugünkü tədbirdə Prezident İlham Əliyevin ölkəmizin keçdiyi inkişaf yoluna dair müfəssəl məruzə etdiyini bildirib. Azərbaycan gəncliyinin böyük nailiyyətlərə imza atdığını deyən Bahar Muradova ölkəmizdə gənclər üçün hər cür şəraitin yaradıldığını, qadınların parlamentdə və dövlət idarəçiliyində təmsil olunduqlarını qeyd edib. Xalqımızın qədim tolerantlıq ənənələrindən, Şərqdə ilk demokratik respublika quraraq hələ ötən əsrin əvvəllərində qadınlara seçki hüququ verməsindən söz açıb.
Milli Məclisin tərkibi və strukturu ilə gəncləri tanış edən parlamentin sədr müavini dünyanın bütün ölkələri ilə qarşılıqlı dostluq və əməkdaşlığa açıq olan Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalması və Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. O, Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş Ermənistanın hələ də təcavüzkar siyasətdən əl çəkmədiyini bildirib.
Bahar Muradova dünyanın müxtəlif ölkələrindən olan konfrans iştirakçılarının YAP Gənclər Birliyinin təşkilatçılığı sayəsində bir araya gəlməsini yüksək dəyərləndirib. “Gənclik və qlobal çağırışlar” mövzusunda konfransın işinə uğurlar arzulayan parlamentin sədr müavini bu tədbir çərçivəsində gənclərin faydalı fikir mübadiləsi aparacaqlarına əminliyini ifadə edib.
Sonra İtaliya, İspaniya, Almaniya, Türkiyə, Rusiya, İraq və digər ölkələrdən gəlmiş gənclər təmsil etdikləri İYDU, İCAPP və DEMYC barədə Bahar Muradovaya ətraflı məlumat verib, ürək sözlərini və ictimai-siyasi məsələlərə dair baxışlarını diqqətə çatdırıblar. Əcnəbi gənclər bu səfər sayəsində Azərbaycanı və xalqımızı daha yaxşı tanımaq imkanı əldə etdiklərini söyləyib, Bakıda gördükləri tərəqqidən, qonaqpərvərlikdən məmnunluqla söz açıblar.
Sonda Milli Məclisin sədr müavini gəncləri narahat edən məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb.