MƏDƏNİYYƏT
Bakıda keçiriləcək IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının proqramı açıqlanıb
Bakı, 4 aprel, AZƏRTAC
Aprelin 23-dən 27-dək Bakıda keçiriləcək IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının proqramı açıqlanıb. Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşacaq festivalın bütün konsertləri M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunacaq.
AZƏRTAC festivalın saytına istinadla xəbər verir ki, aprelin 23-də keçiriləcək açılış mərasimində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Rauf Abdullayevdir. Konsertdə Xalq Artisti Murad Adıgözəlzadə (fortepiano) və Ümidə Abbasova (skripka) çıxış edəcək.
Festivalın ikinci günü “Vyana-Berlin” kamera orkestri çıxış edəcək. Dirijor Honek Rayner, solist Daniel Müller Şottdur (violonçel). Aprelin 25-də tamaşaçılar Drezden Ştaatskapellasının çıxışını dinləyəcəklər. Dirijor Omer Meir Vellber, solist Kit Armstronqdur (fortepiano). Aprelin 26-da D.Şostakoviç adına Sankt-Peterburq Filarmoniyasının Rusiya Akademik Simfonik Orkestrinin Əməkdar Kollektivi çıxış edəcək. Bədii rəhbər və baş dirijor Yuri Temirkanov, solist Vadim Rudenkodur (fortepiano).
Qeyd edək ki, bu kollektiv aprelin 27-də festivalın bağlanış konsertində də tamaşaçıların qarşısına çıxacaq. Həmin gün solist Sergey Doqadin (skripka) olacaq.