REGİONLAR
Bakıda keçiriləcək bal yarmarkasında ağstafalı arıçılar da iştirak edəcəklər
Ağstafa, 8 oktyabr, Famil Quliyev, AZƏRTAC
Ağstafada arıçılıq inkişaf etdirilir. Bu il də arılardan uzun yay günlərindən sonra bol məhsul götürülür. Bu ay arıçılar Bakıda təşkil ediləcək arı sərgisində iştirak etməyi planlaşdırıblar.
Ağstafanın Dağkəsəmən kəndində də uzun illərdir arıçılıqla məşğul olan, bu sahədə təcrübə qazanmış arıçılar çoxdur. Bu maraqlı təsərrüfat növünü nəsildən-nəslə ötürən ailələr var. Artıq arıxanalardan bal toplamağa başlayan arıçılar bu il məhsuldarlığın normal olduğunu deyirlər. Bir sıra çətinliklər və problemlər olsa da, təcrübəli arıçılar bu vəziyyətdən üzüağ çıxa bilirlər. Onların fikrincə, arıdan istənilən məhsulu götürmək üçün əvvəlcə arı ailələrinə yüksək səviyyədə qulluq edilməlidir.
Arıçı Ruslan Rəhimov AZƏRTAC-a bildirib ki, arının bir çox növü var. Biz saxladığımız qara Qafqaz cinsidir. Arının yaxşılığı onun xortumunun uzunluğundan asılıdı. Bizdə məhsuldarlıq orta hesabla hər arı ailəsindən 10-15 kiloqram olur. Elə arı ailələri var ki, 25-30 kiloqram bal verir. Arı məhsulları olan bal, mum, vərəmum, arı zəhəri, arı südü, çiçək tozu və güləmdən bir çox xəstəliklərin müalicəsində istifadə edilir.
Arıçılıq təsərrüfatına son illər marağın artığını deyən arıçılar bunu bu sahənin az xərc tələb etməsi, eyni zamanda, olduqca gəlirli olması ilə əlaqələndirirlər. Bir arı ailəsindən təxminən 10-15 kiloqram məhsul toplayan arıçılar sərgilərdə iştirak etməyin onlar üçün maraqlı olduğunu bildirirlər.
Qərb bölgəsində bol məhsul əldə etmək üçün arı ailələrinin dağ çəmənlərinə daşınması, yayın sonlarında isə geri gətirilməsi prosesi hər il həyata keçirilməkdədi. Təbii balın satışına gəldikdə isə, hazırda 1 kiloqram balın qiyməti bazarlarda və ya fərdi qaydada satışda 25-30 manat təşkil edir.