İQTİSADİYYAT
Bakıda keçirilən Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın I Avrasiya konfransı başa çatıb
Bakı, 31 avqust, Nihad Budaqov, AZƏRTAC
Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) təşkilatçılığı ilə Bakıda keçirilən “Xəzər regionunda inkişaf etməkdə olan enerji iqtisadiyyatları: dəyişikliklər və imkanlar” mövzusunda I Avrasiya konfransı avqustun 31-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, konfransın son günündə “Alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) üzrə regional strategiya” adlı plenar sessiyada çıxış edən Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədrinin müavini Nurəli Yusifbəyli ABOEM sahəsində ölkəmizdə həyata keçirilən dövlət proqramlarından və reallaşdırılan layihələrdən, onların əhəmiyyətindən, gələcək perspektivlərdən bəhs edib. O, Azərbaycanda alternativ və bərpa olunan enerji sahəsində görülən işlər, bu sahədə dövlətin apardığı məqsədyönlü siyasətdən də danışıb.
Bildirib ki, Azərbaycanda ənənəvi enerji mənbələri ilə yanaşı, sərfəli və ətraf mühitə xələl gətirməyən alternativ enerji mənbələri də daim diqqətdə saxlanılır. Ötən dövrlərdə ölkədə su, külək və günəş elektrik stansiyaları, eləcə də digər enerji obyektləri tikilib istifadəyə verilib.
Sessiyada Türkiyənin “Era Yatırım Holding”inin direktoru Alpay Ünal və Berlin Texnologiya Universitetinin professoru Georg Erdman alternativ və bərpa olunan enerji mənbələrinin əhəmiyyətindən və bu sahə üzrə beynəlxalq təcrübədən danışıb, dünyada ABOEM-in inkişafı üçün atılan addımlardan və reallaşdırılan layihələrdən söhbət açıblar.
“Xəzər regionunun enerji potensialının aşkar edilməsi” adlı konfransın sonuncu sessiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin baş elmi işçisi Gülmirə Rzayeva ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğunu deyib. O, TAP və TANAP, eləcə də “Cənub Qaz Dəhlizi” layihələrinin qitə üçün əhəmiyyətini qeyd edib.
G.Rzayeva bildirib ki, hazırda Avropanın enerji xəritəsində və təbii qaz bazarında müəyyən dəyişikliklər baş verir. 2020-ci ildə Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən qazın Avropaya nəql edilməsi ilə qitənin qaz bazarı və qaza olan tələbatı yenidən canlanacaq.
“Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağının işlənməsinin üçüncü mərhələsi çərçivəsində 2030-cu ildən sonra illik əlavə olaraq 15 milyard kubmetr həcmində təbii qaz ixracına şərait yaranacaq. Azərbaycan 2021-2022-ci illərdən sonra “Abşeron” yatağından 5 milyard kubmetr, “Ümid” və “Babək” yataqlarından 5-7 milyard kubmetr təbii qaz ixrac etmək imkanı əldə edəcək”, - deyə G.Rzayeva əlavə edib.
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev isə Azərbaycanın karbohidrogen ehtiyatlarını dünya bazarlarına çatdırılmasında Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin əhəmiyyətini qeyd edib. O, Xəzər dənizi ətrafı ölkələrin neft və təbii qaz ehtiyatları barədə də məlumat verib.
Sessiyada Atlantik Şurasının (Atlantic Council) enerji məsələləri üzrə eksperti Con Roberts mövzu ilə bağlı fikirləri dinlənilib.
Sonda tədbir iştirakçıları Səngəçal neft terminalına səfər ediblər.
Bununla da AZƏRTAC-ın media sponsoru olduğu və 24 ölkədən ümumilikdə 50-dən çox spikerin iştirak etdiyi üçgünlük konfrans başa çatıb.