İDMAN
Bakıda keçirilən bədii gimnastika üzrə XXX Avropa çempionatının sonuncu günü Azərbaycan millisi iki medal qazanmışdır
Növbəti Avropa çempionatı Minsk şəhərində təşkil olunacaqdır VİDEO
Bakı, 15 iyun (AZƏRTAC, Səxavət Quliyev). Bakıda, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə XXX Avropa çempionatına iyunun 15-də yekun vurulmuşdur.
AZƏRTAC xəbər verir ki, çempionatın sonuncu günündə yeniyetmə gimnastlar fərdi proqram üzrə, böyüklərdən ibarət qrup hərəkətləri komandaları isə 10 gürz və 3 top – 2 lentlə çıxış etmişlər.
Yeniyetmələr arasında fərdi proqram üzrə halqa yarışlarında Azərbaycan gimnastı Jalə Piriyeva 16,300 xalla gümüş medala sahib olmuşdur. Rusiya gimnastı Yuliya Bravikova 16,750 xalla birinci, bolqarıstanlı Anastasiya Rıbakova 15,775 xalla üçüncü pillədə qərarlaşmışlar.
Topla yarışlarda Avropa çempionu adını 16,300 xalla rusiyalı İrina Annenkova qazanmışdır. Belarus təmsilçisi Mariya Trubaç (16,016 xal) gümüş, bolqarıstanlı Boryana Kaleyin (15,950 xal) bürünc medala sahib olmuşlar.
Gürzlərlə yarışlarda Rusiya təmsilçisi Alesiya Petrova (16,450 xal) qızıl, belaruslu Mariya Trubaç (16,200 xal) gümüş, İsrail təmsilçisi Linoy Aşram (15,700 xal) bürünc medal qazanmışlar.
Lentlə mübarizədə isə 15,816 xal toplamış rusiyalı İrina Annenkova fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Ukraynalı Valeriya Xanina (15,750 xal) çempionatı ikinci, İsrail təmsilçisi Linoy Aşram (15,650 xal) isə üçüncü pillədə başa vurmuşlar.
Azərbaycan millisi Avropa çempionatının sonuncu günü daha bir medal qazanmışdır. Böyüklərdən ibarət qrup hərəkətləri üzrə Azərbaycan millisi 3 top və 2 lentlə çıxışda 17,650 xal toplayaraq gümüş medala sahib olmuşdur. Rusiya komandası 18,366 xalla birinci, Bolqarıstan kollektivi isə 17,583 xalla üçüncü olmuşlar.
On gürzlə çıxışda Bolqarıstan millisi bütün rəqiblərini qabaqlayaraq 17,633 xalla birinci olmuşdur. Rusiya millisi 17,633 xalla ikinci, İspaniya yığması isə 17,550 xalla üçüncü pillədə qərarlaşmışdır.
Yarışlar başa çatdıqdan sonra qala-konsert təşkil olunmuşdur. Konsertdə böyüklərdən ibarət qrup hərəkətləri üzrə Bolqarıstan, İsrail, İtaliya, Finlandiya, Rusiya, Belarus milliləri, rusiyalı gimnast Yana Kudratseva, Belarus təmsilçisi Katerina Qalkina, bolqarıstanlı Mariya Mateva çıxış etmişlər.
Qala-konsertə Azərbaycan millisinin çıxışı ilə yekun vurulmuşdur.
Sonda Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov Avropa Gimnastika İttifaqının bayrağını qitə qurumunun nümayəndə heyətinə təqdim etmişdir. Daha sonra bayraq Belarus Gimnastika Federasiyasının nümayəndələrinə verilmişdir.
Qeyd edək ki, növbəti Avropa çempionatı Belarusun paytaxtı Minskdə təşkil olunacaqdır.
Sonra Azərbaycanın Əməkdar Artisti Tünzalə Ağayeva gimnastlarımızın uğurlarından bəhs edən “Bizim zaman” mahnısını ifa etmişdir.
Millimiz Avropa çempionatını 2 gümüş və 1 bürünc medalla başa vurmuşdur.