İQTİSADİYYAT
Bakıda keçirilən sərgilər müxtəlif ölkələrin mütəxəssisləri ilə görüş keçirməyə imkan yaradır
Bakı, 24 avqust, AZƏRTAC
Sərgi və konfrans tədbirlərinin peşəkar operatoru "Caspian Event Organisers" (CEO) şirkəti 2016-cı ilin sonunadək bir sıra beynəlxalq sərgilər keçirməyi planlaşdırır.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər arasında II Azərbaycan beynəlxalq müdafiə sərgisi "ADEX 2016", X yubiley Azərbaycan beynəlxalq təhsil sərgisi "Education", X yubiley Azərbaycan beynəlxalq karyera sərgisi "Career", VII Azərbaycan beynəlxalq ətraf mühit sərgisi "Caspian Ecology" və XXII Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı "Bakutel" ("Iteca Caspian" şirkəti ilə birlikdə) sərgiləri yer alır. Bütün sərgilər Azərbaycan Respublikasının dövlət strukturlarının rəsmi dəstəyi, bir sıra layihələr isə beynəlxalq ittifaq və sənaye assosiasiyalarının dəstəyi ilə keçiriləcək.
Bundan başqa, bu il "Caspian Event Organisers" şirkəti hər il Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən (Avropa İttifaqına üzv olan 20 ölkənin Bakıdakı səfirlikləri ilə birlikdə) keçirilən "EuroVillage 2016" tədbirinin təşkilatçısı qismində çıxış edəcək. "EuroVillage 2016" festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səfərlər, milli rəqs və karaoke, feys-art, şahmat yarışı, kulinariya şousu, sehrbazın ifasında möcüzəli çıxış və s. tədbirlər təşkil olunacaq.
Festival "SƏS Azərbaycan" layihəsi iştirakçılarının, eləcə də Avropadan xüsusi olaraq dəvət olunmuş ulduz müğənninin ifasında möhtəşəm konsert proqramı ilə yekunlaşacaq. Bu il "EuroVillage 2016" festivalı ziyarətçiləri oktyabrın 1-də Dənizkənarı Milli Parkda qəbul edəcək.
"CEO" şirkəti sentyabrın 27-30-da Bakı Ekspo Mərkəzində keçiriləcək II Azərbaycan beynəlxalq müdafiə sərgisi "ADEX 2016" sərgisi ilə payız sərgi mövsümünün açılışını edəcək. Sərgi artıq ikinci dəfə dünyadakı ən son nailiyyətlərin və yerli məhsulların nəhəng hərbi paradına çevriləcək. Dünyanın 30 ölkəsini təmsil edən 150-dən artıq şirkət "ADEX 2016" sərgisində iştirakını təsdiqləyib. Səkkiz ölkənin milli qrupları sərgidə öz ekspozisiyalarını nümayiş etdirəcək. Sərgi ilk üç gün ərzində yalnız sənaye peşəkarlarını, beynəlxalq nümayəndələri və kütləvi informasiya vasitələri təmsilçilərini qəbul edəcək. "ADEX 2016" sərgisinin qapıları sonuncu iş günündə (sentyabrın 30-u) bütün ziyarətçilər üçün açıq olacaq.
Oktyabrın 7-də X yubiley Azərbaycan beynəlxalq təhsil "Education" və X yubiley Azərbaycan beynəlxalq karyera "Career" sərgiləri start götürəcək. Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunan bu sərgilər keçirildiyi illər ərzində Xəzər regionunda lider mövqe qazanaraq bu sahə üzrə ən genişmiqyaslı tədbirlərə çevrilib. "Education" sərgisi bakalavr, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və "MBA" proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə, təlim, eləcə də bu il ilk dəfə olaraq məktəbəqədər təhsil proqramlarını ziyarətçilərin diqqətinə çatdıracaq. X yubiley Azərbaycan beynəlxalq karyera "Career" sərgisi ölkədə dəyərli kadrlara artan tələbat tendensiyasını əks etdirir. "Karyera" sərgisinin iştirakçıları arasında Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Gilan Holding", SOCAR və digər şirkətlər yer alır.
Noyabrın 16-18-də VII Azərbaycan beynəlxalq ətraf mühit "Caspian Ecology" sərgisi keçiriləcək. Ənənəvi olaraq sərgi mövsümü noyabrın 29-dan dekabrın 2-dək XXII Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı "Bakutel" sərgi və konfransı ilə yekunlaşacaq.
Sərgilərə giriş pulsuzdur. Sərgiləri ziyarət etmək istəyən şəxslər metronun "Koroğlu" stansiyasından Bakı Ekspo Mərkəzinə və geriyə pulsuz hərəkət edən avtobuslardan istifadə edə biləcəklər. Bütün sərgilər barədə daha ətraflı məlumatı şirkətin www.ceo.az veb-saytından, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə etmək mümkündür.