CƏMİYYƏT
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib
Bakı, 22 noyabr, AZƏRTAC
Noyabrın 22-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti sanitariya-gigiyena nəzarətindən keçirilib.
Burada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilən 10,05 ton məhsul, o cümlədən 0,3 ton ət, 0,1 ton ağartı, 2,5 ton tərəvəz, 3,5 ton meyvə və s. təklif olunurdu.
Yarmarkaya axın-axın gələn və bu ünvanı əlidolu tərk edən paytaxt sakinləri məhsulların bolluğuna, çeşidlərin müxtəlifliyinə, qiymətlərin münasibliyinə və alış-veriş üçün yaradılan əlverişli şəraitə görə razılıqlarını bildirirdilər. Yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov dedi ki, yarmarkadakı qiymətlər bazarlardakından 20-25 faiz ucuzdur. Yarmarkada kartof 60-80, soğan 30-35, badımcan 40-70, yerkökü 70-90 qəpiyə təklif edilirdi. Burada, həmçinin qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, yumurtanın 1 ədədi 7-9 qəpiyə satılırdı.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkaya Ağdaş, Salyan, Masallı və digər rayonlardan 21 ton kənd təsərrüfatı məhsulları çıxarılıb.
Yarmarkada təklif edilən pomidor, xiyar, badımcan, bibər, kartof, soğan, alma, armud, nar, heyva və digər məhsullar qəsəbə sakinləri tərəfindən həvəslə alınırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Məmməd Həziyev bildirdi ki, yarmarkada qəsəbə sakinlərinin tələbatı nəzərə alınaraq məhsulların çeşidində ciddi dəyişikliklər edilib. Burada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılıb, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilib.
Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində (23,4 ton) və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində (2,5 ton) satışa Samux, Quba, Biləsuvar, Cəlilabad və Ağsu rayonlarından, ümumilikdə, 25,9 ton məhsul çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirdi ki, hər iki yarmarkada mövsümi kənd nemətlərindən pomidor, xiyar, göyərti, kartof, soğan, lobya, badımcan, kələm, alma, armud, üzüm, balqabaq və digər məhsulların alıcıları çoxluq təşkil edir. Qiymətlər bazarlarla müqayisədə 25-30 faiz ucuzdur. Məsələn, burada kartof 60-80, bibər 50-80 qəpiyə, pomidor 80 qəpik - 1 manata, üzüm 80 qəpik - 1 manat 20 qəpiyə təklif olunur.
Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Şənbə günü Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkaya Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən rayonlarından 345 ton meyvə-tərəvəz, ət və süd məhsulları gətirilib.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İsmayıl Sərdarlı məlumat verdi ki, yarmarkada məhsulların qiymətləri bazardakından 20-25 faiz ucuzdur. Eyni zamanda, məhsulların keyfiyyətinə və qiymətinə ciddi nəzarət olunur.
Yarmarkada qoyun ətinin kiloqramı 5 manat 50 qəpik - 6 manata, mal əti 5 manat – 5 manat 50 qəpiyə, quş əti 2 manat 20 qəpik - 4 manata, üzüm 1 manat - 2 manat 50 qəpiyə, pomidor 80 qəpik – 2 manata, xurma 80 qəpik – 1 manata, nar 50 qəpik – 1 manat 30 qəpiyə, xiyar 50 qəpik – 1 manata, badımcan 40-70, alma 30-80, kartof 60-65, soğan 35-70 qəpiyə, yumurtanın biri isə 6-9 qəpiyə təklif olunur.
Şəhər sakinləri yarmarkada yaradılan şəraitdən razıdırlar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirdi ki, şənbə günü Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığındakı yarmarkaya Xaçmaz, Tərtər, İmişli, Salyan, Tovuz, Neftçala, Oğuz rayonlarından 45 ton kənd təsərrüfatı məhsulları, Giləzi broyler fabrikindən 4,5 min ədəd yumurta gətirilib.
Yarmarkada ilk baxışdan canlanma, bolluq və qızğın alış-veriş gözə çarpır, çeşidlərin müxtəlifliyi hiss olunurdu. Alıcılara mövsümə uyğun naringi, portağal, bostan bitkilərindən balqabaq, tərəvəzlərdən pomidor, xiyar, kələm, kartof, soğan, yerkökü, çuğundur, meyvələrdən alma, armud, heyva, nar, həmçinin ağartı, göyərti və s. kənd nemətləri təklif edilirdi.
Paytaxt sakinləri yarmarkadakı meyvə-tərəvəz, göyərti və ağartı məhsullarının təzə və keyfiyyətli, eyni zamanda, bazarlardakından 25-30 faiz ucuz qiymətə olmasından razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri tərəfindən yarmarkada qayda-qanuna ciddi nəzarət olunurdu.
Binəqədi rayonu, 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Ağstafa, Siyəzən, Goranboy, Bərdə və digər rayonlardan gəlmiş fermerlər təzə meyvə-tərəvəzlər, bostan və süd məhsulları təklif edirdilər.
Alıcılar məhsulların qiymətlərinin bazarlardakından 25-30 faiz ucuz olduğunu söyləyirdilər.
Yarmarkada kartofun kiloqramı 40-80, badımcan 45-60, soğan 25-30 qəpiyə təklif olunurdu.
Şəhər sakinləri göstərilən xidmətlərdən razılıq edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənovun verdiyi məlumata görə, yarmarkaya 26,7 ton məhsul çıxarılıb.