MƏDƏNİYYƏT
Bakıda moda festivalı keçirilmişdir VİDEO
Bakı, 13 aprel (AZƏRTAC, Pərvanə Rəhimova). Aprelin 13-də “Excelsior Hotel Baku”da “Bakı moda festivalı” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, festivalın təntənəli açılış mərasimində diqqətə çatdırılmışdır ki, layihənin məqsədi Azərbaycan incəsənətinin geyim dizaynının və eləcə də moda sənətinin inkişafına təkan verilməsi, gənc istedadlı rəssamların və modelyerlərin üzə çıxarılması və onların tanınmış rəssam və yaradıcı insanlarla, o cümlədən peşəkar modelyerlərlə əlaqələrinin yaradılması və möhkəmləndirilməsidir.
Festival çərçivəsində 15-29 yaş arası 15 gənc modelyer-rəssamın kolleksiyalarının eskiz həllərindən ibarət geyimlər nümayiş olmuşdur. Xüsusi hazırlanmış səhnədə hər modelyerin minimum 3 geyimdən ibarət bir neçə kolleksiyası göstərilmişdir. Ümumilikdə, layihədə 65 gənc modelyer və modellər iştirak etmişdir. Festival iştirakçıları sertifikatla, peşəkar münsiflər heyəti tərəfindən seçilmiş ilk üç yerin sahibləri isə diplomla təltif olunmuşlar.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbə-müəllim heyəti, incəsənət adamları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.