MƏDƏNİYYƏT
Bakıda növbəti qala-gecə coşqusu
Bakı, 11 fevral, AZƏRTAC
Nizami Kino Mərkəzində növbəti qala-gecə coşqusu yaşanıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin məşhur aktyorları Burak Özcivit və Aslı Enver rol aldıqları “Kardeşim benim” filminin təqdimatına qatılıblar. Kino mərkəzində məşhurları böyük pərəstişkar ordusu qarşılayıb. Daha sonra zala daxil olan aktyorlar tamaşaçılarla birlikdə filmi izləyiblər.
Film illərdir küsülü olan iki musiqiçi qardaşın həyatından bəhs edir. Onları bir araya gətirən isə atalarının vəfatıdır. Onlar son vəzifələrini yerinə yetirib öz yolları ilə getməyi planladıqları zaman, atalarının vəsiyyəti hər şeyi dəyişir.
Rejissoru Mert Baykal olan filmdə baş rolları Burak Özcivit, Murat Boz və Aslı Enver oynayıblar.
Nümayişdən sonra səhnəyə çıxan məşhurlar Azərbaycanı çox bəyəndiklərini, Bakıda gözəl qarşılandıqlarını deyiblər.
Mətbuat konfransı keçirən qonaqlar jurnalistlərin suallarını cavablandırıblar.
Qeyd edək ki, filmin baş rol ifaçılarından olan Murat Boz təqdimatda iştirak etməyib.
Xatırladaq ki, bu Burak Özcivitin Bakıya ilk səfəri deyil. O, ötən il aktrisa Fahriye Evcenlə baş rolunu paylaşdıqları “Aşk sana benzer” filminin qala-gecəsində iştirak etmişdi.