CƏMİYYƏT
Bakıda peşə təlimində olan gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub
Bakı, 30 iyul, AZƏRTAC
Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində ayrı-ayrı incəsənət növləri üzrə peşə təlimində olan gənclərin əl işlərindən ibarət “Gənclərin incəsənət sevgisi” adlı sərgi təşkil olunub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərginin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev, ictimai birliklərin nümayəndələri və sənətsevərlər iştirak ediblər.
Tədbirdə bildirilib ki, 2014-cü ilin dekabrında Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi ölkəmizdə əlilliyi olan şəxslərin sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyasına, onların məşğulluğunun dəstəklənməsinə dövlət qayğısının əyani təzahürüdür. Təkcə cari ilin birinci yarısında Mərkəzdə 258 nəfər sağlamlıq imkanları məhdud gənc müxtəlif peşələr üzrə hazırlıq kursları keçib. Onlardan 144 nəfəri artıq kursları başa vurub. Qeyd olunub ki, Mərkəzdə peşə təlimində olan gənclərin əl işlərindən ibarət sərgilərin təşkili də diqqətdə saxlanılır. “Gənclərin incəsənət sevgisi” adlı sərgi də bu istiqamətdə növbəti tədbirlərdən biridir. Sərgi sağlamlıq imkanları məhdud gənclərin yaradıcılıq imkanlarının cəmiyyətə təqdim edilməsi, onların cəmiyyətin mədəni həyatında iştirakının dəstəklənməsi məqsədi daşıyır.
Sərgidə xalçaçılıq, toxuma, rəssamlıq, ağac üzərində oyma üzrə hazırlıq kurslarında təlimdə olan 10 nəfər sağlamlıq imkanları məhdud gəncin, eləcə də Mərkəzdə kursları artıq başa vurmuş ayrı-ayrı gənclərin 100-dən çox əl işi təqdim olunur. Onlardan Kəmalə və Solmaz Səfərovaların, Nihad Məmmədovun, Səbinə Allahverdiyevanın, Ramin Səfərlinin, Səbuhi Talıbovun, İlqar Kazımovun, Ülkər Əsgərovanın müxtəlif mövzularda tətbiqi sənət nümunələri sərgi iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.