CƏMİYYƏT
Bakıda qan donorluğunun inkişafında gənclərin və jurnalistlərin roluna dair konfrans keçirilib VİDEO
Bakı, 15 avqust, AZƏRTAC
Avqustun 15-də Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində “Donorluq mədəniyyətinin inkişafında gənclərin və jurnalistlərin rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü, Qan Donorları Assosiasiyası və Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə keçirilən konfransda qan donorluğu və talassemiya haqqında məlumat verilib, eləcə də gənclərin və jurnalistlərin qan donorluğunun inkişafına töhfələri diqqətə çatdırılıb. Talassemiya Federasiyasının vitse-prezidenti Fuad Rəsulov qeyd edib ki, hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstələri var. Onların həyatı kütləvi keçirilən qanvermə aksiyalarından çox asılıdır. Bu aksiyaların reallaşmasında, eləcə də könüllü qan donorlarına hörmət və ehtiramın yaradılmasında, donorluğa yeni insanların cəlb olunmasında KİV nümayəndələrinin rolu əvəzsizdir. Bildirilib ki, hazırda bütün dünyada təhlükəsiz donor qanına ehtiyac artmaqdadır. Təcrübə göstərir ki, ən təhlükəsiz qan məhz könüllü və təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpə uşaqları, xəsarət alanları ölümdən xilas etməyə kömək edir.
QHT nümayəndələrinin, könüllü donorların iştirak etdikləri tədbirdə qan donorluğu ilə bağlı videoçarx nümayiş olunub.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının həkimi Həqiqət Əliyeva, Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşı Vüsal Həsənov və digər çıxış edənlər konfransın Azərbaycanda könüllü və təmənnasız qan donorluğunun inkişafına dəstək verəcəyini qeyd ediblər. Belə bir tədbirin keçirilməsinin cəmiyyətə mesaj vermək baxımından əhəmiyyəti vurğulanıb.
Sonda qan donorluğunun inkişafına töhfələr vermiş təşkilatlara, eləcə də könüllü donorlara təşəkkürnamələr təqdim edilib. Donorluq mədəniyyətinin inkişafında göstərdiyi informasiya dəstəyinə görə AZƏRTAC da təşəkkürnamə ilə təltif olunub.