İQTİSADİYYAT
Bakıda qida təhlükəsizliyi məsələlərinə həsr olunmuş seminar keçirilib
Bakı, 2 iyul, AZƏRTAC
İyulun 2-də Bakıda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə qida təhlükəsizliyi məsələlərinə həsr olunmuş seminar keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, seminarda Avropa İttifaqı nümayəndəliyinin proqram meneceri Olaf Heidelbax, Aİ-nin ekspertləri məruzəçilər Stilinos Koulouris və Şura Tabachnikoff, Kənd Təsərrüfatı, Səhiyyə, İqtisadiyyat və Sənaye nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və digər əlaqədar qurumların nümayəndələri iştirak ediblər.
Seminarı Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev açaraq, Avropa Qida Təhlükəsizliyi Orqanı və bu orqanla respublikamız arasında əməkdaşlığın perspektivləri barədə məlumat verib.
Seminarda Avropa İttifaqının qida təhlükəsizliyi sahəsində respublikamızda maliyyələşdirdiyi layihələr, Aİ ölkələrində qida təhlükəsizliyi üzrə risklərin tədqiq edilməsi, risklərin idarəçiliyi və kommunikasiya məsələləri üzrə qanunvericilik, icra mexanizmləri, idarəçilik, inzibati quruluş və s. məsələlər haqqında təqdimatlar keçirilib.
Təqdimatlardan sonra müvafiq sahələr üzrə müzakirələr və fikir mübadiləsi aparılıb.