İDMAN
Bakıda qol güləşi üzrə XXIV Avropa çempionatının açılış mərasimi olmuşdur VİDEO
Bakı, 21 may (AZƏRTAC, Məhərrəm Əlioğlu, Rəşad İsmayılov). Mayın 21-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində qol güləşi üzrə XXIV Avropa çempionatının açılış mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilmişdir.
Mərasimdə çıxış edən Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışmışdır.
İ.İsmayılov vurğulamışdır ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi olaraq son illərdə paytaxt Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Əminəm ki, bu gün başlanan Avropa çempionatı da yüksək səviyyədə keçiriləcək, yarışlar ədalətli idman mübarizəsi şəraitində başa çatacaqdır.
Nazir müavini demişdir ki, hər il Azərbaycanda idmanın müxtəlif sahələri üzrə beynəlxalq yarışlar keçirilir. Təkcə ötən ay ərzində ölkəmizdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş 30-a yaxın dünya, Avropa və digər beynəlxalq səviyyəli yarış keçirilmişdir. Belə nüfuzlu yarışların keçirilməsini dünya idman federasiyalarının Azərbaycan idmanına olan böyük etimadının nəticəsi kimi qiymətləndirmək olar. Ötən il isə Azərbaycanda 57 dünya, Avropa və digər beynəlxalq yarışlar keçirilmişdir.
Qeyd edilmişdir ki, cari ildə ölkəmizdə gimnastika, atletika və idmanın digər növləri üzrə irimiqyaslı turnirlər təşkil olunacaqdır. Azərbaycan ev sahibliyi etdiyi idman yarışlarını yüksək səviyyədə keçirir və bu da beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə idmançılara uğurlar arzulayaraq demişdir ki, XXIV Avropa çempionatının Azərbaycanda keçirilməsi sevindirici haldır. Bu beynəlxalq yarışın Bakıda keçirilməsi ölkəmizdə idmanın bu növünün də inkişaf etdiyini göstərir.
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədov isə bildirmişdir ki, ölkəmizdə idman siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsində idmançılarımız beynəlxalq arenalarda uğurla çıxış edirlər. Prezident İlham Əliyevin idmana göstərdiyi sonsuz diqqət və qayğının nəticəsində bu gün Azərbaycan mütəmadi olaraq ən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi ölkələr sırasında öz layiqli yerini tutmuşdur. Bu yarışın Bakıda keçirilməsi Azərbaycanın növbəti uğurudur.
Dünya və Avropa Qol Güləşi Federasiyalarının prezidenti Assen Hacıtodorov yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmiş, idmançılara uğurlar arzulamış və çempionatı açıq elan etmişdir.
Mərasimdə Azərbaycan Qol Güləşi Federasiyanın himni təqdim olunmuş, Türkiyənin Manisa vilayətinin Soma kömür mədənində baş vermiş qəzada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Açılış mərasimindən sonra idmançılar səhnəyə dəvət edilmiş və yarış başlamışdır.
Mayın 21-də çempionatda əlillər sol əllə yarışırlar.
Bundan əlavə, sol əllə 18, 21 yaşlılar və usta idmançılar da (50-60 yaşda) güclərini sınayırlar.
Bakıda keçirilən Avropa çempionatında 30-dan çox ölkədən 700 idmançı iştirak edir. Azərbaycan millisi çempionatda 100 idmançı ilə təmsil olunur.