İQTİSADİYYAT
Bakıda regionun ən əhəmiyyətli beynəlxalq nəqliyyat sərgiləri keçirilir
Bakı, 13 iyun (AZƏRTAC). İyunun 13-də Bakı Sərgi Mərkəzində 11-ci Beynəlxalq “Nəqliyyat, Tranzit və Logistika” (Trans Caspian-2012) və 2-ci Xəzər Beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat sərgilərinin açılışı olmuşdur.
Tədbirdə çıxış edən nəqliyyat naziri Ziya Məmmədov bildirmişdir ki, Azərbaycanın dinamik iqtisadi inkişafı ulu öndər Heydər Əliyevin respublikada rəhbərliyə ikinci dəfə qayıdışı dövrünə təsadüf edir. Məhz həmin illərdə ölkədə iqtisadiyyatın bütün sahələrində dirçəlmə baş vermiş, ictimai-siyasi sabitlik bərpa olunmuşdur.
Vurğulanmışdır ki, Azərbaycanda mütəmadi keçirilən beynəlxalq sərgilər, mötəbər tədbirlər dünyanın nüfuzlu şirkətlərinin biznes maraqlarını ölkəmizə cəlb edir.
Nazir ənənə halını almış belə tədbirlərin ölkələr arasında dostluq və iqtisadi əməkdaşlıq münasibətlərinin genişlənməsinə əsaslı zəmin yaradacağına əminliyini ifadə etmişdir.
Sərgi haqqında ətraflı məlumat verən Z.Məmmədov builki sərgidə Polşa, Çexiya, Xorvatiya, Almaniya, Fransa, İtaliya, Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Çin, Latviya, BƏƏ, Ukrayna və Qazaxıstan şirkətlərinin iştirak etdiyini söyləmişdir. Ümumilikdə, sərgi dünyanın 15 ölkəsinin 70 şirkətini bir araya gətirmişdir. Azərbaycanın əsas dövlət nəqliyyat strukturları – Nəqliyyat Nazirliyi, “Azərbaycan Dəmir Yolları” QSC, Dövlət Dəniz Administrasiyası, Dövlət Xəzər Dəniz Gəmiçiliyi sərgidəki stendlərində aktual layihələri təqdim edirlər.
Diqqətə çatdırılmışdır ki, regionda ən əhəmiyyətli nəqliyyat forumu olan sərgi Azərbaycanın nəqliyyat-tranzit potensialından səmərəli istifadə olunmasına, nəqliyyat mütəxəssisləri arasında məhsuldar əməkdaşlıq əlaqələrinin qurulmasına töhfə verəcəkdir. Burada dəmir yolu nəqliyyatı, avtomobil yolu ilə daşımalar, habelə dəniz daşımaları, limanlar və neftin nəqli kimi sektorlar geniş şəkildə təqdim olunur. Sərgi, həmçinin işgüzar danışıqların aparılmasına və qarşılıqlı faydalı müqavilələrin imzalanmasına, bölgə infrastrukturunun gələcək inkişafı üçün münbit şəraitin yaradılmasına, satış bazarlarının genişləndirilməsinə və birgə müəssisələrin təsis olunmasına, habelə ölkənin yol-tikinti bazarında sərmayə layihələrinin, müasir texnika və avadanlığın daha geniş istifadəsinin təşviqinə kömək göstərəcəkdir.