MƏDƏNİYYƏT
Bakıda rəqs növləri, vokal və instrumental kollektivlərin yarışı keçiriləcək
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında bütün rəqs növləri, vokal və instrumental kollektivlərin yarışı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Bakı açıq kuboku” adlı tədbirdə Azərbaycanın müxtəlif regionlarından bir çox rəqs kollektivləri bu mədəniyyət bayramına qatılacaq. Bütün yaş kateqoriyalarında olan iştirakçılar müxtəlif nominasiyalarda mübarizəyə qoşulacaq. Belə ki, yarışda çerlidinq, hip-hop, breyk-dans, rəqs şousu, klassik rəqs, milli rəqs, folklor stilizasiyası, dünya xalqlarının rəqsləri, oriyental, solo rəqs, xor, solo ifa, instrumental mahnılar təqdim olunacaq.
Yarışın keçirilməsində məqsəd müasir, istedadlı rəqs kollektivlərini, duet ifaçılarını, solistləri bu yarış vasitəsilə müəyyənləşdirərək Azərbaycanı gələcəkdə Avropa və dünya çempionatlarında təmsil etməkdir.
Müsabiqənin digər mühüm vəzifələrindən biri də rəhbərlər, müəllimlər, rəqqaslar arasında təcrübə mübadiləsi aparmaq, uşaqları, yeniyetmələri və gəncləri müasir xoreoqrafiyaya cəlb etməkdir.