CƏMİYYƏT
Bakıda rusiyalı mütəxəssislərin iştirakı ilə endocərrahiyyə əməliyyatlarına dair təkmilləşdirmə kursu keçirilir
Bakı, 20 may, AZƏRTAC
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) rusiyalı mütəxəssislərin iştirakı ilə respublikamızın müxtəlif səhiyyə ocaqlarında çalışan 20 həkim üçün ”Döş qəfəsi, qarın boşluğu, kiçik çanaq üzvlərinin təxirəsalınmaz endocərrahiyyəsi“ mövzusunda tematik təkmilləşdirmə kursu keçirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ADHTİ ilə Rusiya Diplomdansonraki Tibb Təhsili Akademiyası (RDTTA) arasında imzalanmış müqavilə əsasında təşkil olunan kurs iyunun 5-də başa çatacaq.
Kurs zamanı Bakı Sağlamlıq Mərkəzinin bazasında mövzuya uyğun cərrahiyyə əməliyyatlarının aparılması nəzərdə tutulub.
Qeyd edək ki, ADHTİ 2005-ci ildən etibarən RDTTA ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq aparır. Bu illər ərazində institutun gənc kadrları Moskvada təkmilləşdirmə kurslarına göndərilib. Onların əldə etdikləri bilik və bacarıqlar institutun kafedralarında tədris prosesində geniş istifadə olunur. Eyni zamanda, rusiyalı mütəxəssislərin iştirakı ilə ADHTİ-də ehtiyac duyulan mövzularda səyyar-distant təkmilləşdirmə kursları təşkil edilib. Bu kurslardan 600-dən çox yerli həkim faydalanıb.