MƏDƏNİYYƏT
Bakıda şəhər turu
Bakı, 18 dekabr, AZƏRTAC
Ölkəmizdə turizm xidmətinin keyfiyyətinin artırılması, Bakıda yerli və xarici turistlərin asudə vaxtlarının daha səmərəli təşkili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlərdən biri də “Şəhər turu” layihəsidir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, paytaxtımızın mədəni irsinin və turizm potensialının geniş təbliği məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin balansında olan 3 ədəd MAN Gülərüz Kobra markalı ikimərtəbəli üstüaçıq 70 nəfərlik (20 yer birinci mərtəbədə və 50 yer ikinci mərtəbədə) avtobus “City Sightseeing Baku” şirkətinin istifadəsinə verib.
Nazirliyin təklifləri əsasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhər turu”nun marşrut xətti və dayanacaqları təsdiq edilib. Sözügedən marşruta əsasən 15 dayanacaq nöqtəsi yaradılıb.
Hər dayanacaq nöqtəsində quraşdırılmış lövhədə dayanacağın nömrəsi və avtobuslar arasında olan zaman intervalı qeyd edilib.
Bununla yanaşı, turistlərə və qonaqlara xidmətin daha da yüksəldilməsi məqsədilə mehmanxanalar tərəfindən qabaqcadan məlumatlandırıldığı halda “Abşeron Marriott” otelinin qonaqlarını götürmək üçün Dəniz limanının, “Fairmont”un qonaqları üçün Alov qüllələri binasının önündə, habelə “Riviera”nın qonaqları üçün otelin aşağı yolunda qısa dayanacaqlar edirlər.
“Şəhər turu” marşrutunun uzunluğu 23 kilometr, müddəti isə 1 saat 30 dəqiqədir. Turdan istifadə edən yerli və xarici vətəndaşlar hər 3 avtobusda qulaqcıqlar vasitəsilə Azərbaycan, ingilis, ispan, rus, fransız, alman, yapon və fars dillərində audioqid sistemindən istifadə edərək, hərəkət olunan marşrut üzrə Bakı şəhərinin tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə əyani şəkildə tanış olur və aidiyyəti məlumatları ala bilir.
Bundan başqa, hər 3 avtobusda yüksək sürətli ödənişsiz simsiz internet quraşdırılıb ki, bu da hər istifadəçiyə ekskursiya zamanı çəkdikləri fotoşəkilləri və videofaylları sosial şəbəkələrdə paylaşmaq imkanını yaradır.
“Şəhər turu”na biletləri avtobusların daxilində, Bakı Turizm İnformasiya Mərkəzində (Ünvan: Bakı şəhəri, Ü. Hacıbəyov küç. 36.) yaradılmış bilet satışı məntəqəsindən əldə etmək olar.
Bundan başqa, turistlərin və Bakıya gələn qonaqların rahatlığı üçün paytaxtımızın otellərində (Fairmont, Four Seasons, Park İnn, Riviera, Grand, Gəncəli və s.) bilet satışları həyata keçirilir.
Onlayn satış üzrə liderlərdən olan “BeSmart” və “Bonuslar” şirkətləri ilə birgə bir sıra müxtəlif endirim kampaniyaları da keçirilib.
Fəaliyyətə başladığı dövrdən təxminən 16 min yerli və xarici qonağa xidmət göstərilib ki, bundan da 7 min nəfəri əcnəbilərdir.