İQTİSADİYYAT
Bakıda sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib
Bakı, 16 sentyabr, Elvin Camalov, AZƏRTAC
Bakıda sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O bildirib ki, müasir standartlara cavab verən maddi texniki bazaya malik olmayan müntəzəm sərnişindaşıma ilə məşğul olan şirkətlər Bakı Nəqliyyat Agentliyinin tələblərinə cavab verə bilmir. Artıq tələbləri yerinə yetirməyən daşıyıcı şirkətlərə qarşı əməli tədbirlərin icrasına başlanılıb. Bu çərçivədə 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərən şirkətlə bağlanan müqaviləyə xitam verilib.
N.Allahyarova qeyd edib ki, bu il sentyabrın 6-da Bakı şəhərində 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə istismar olunan 10 TF 297 dövlət qeydiyyat nişanlı, “Midibus-saz” markalı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib və bir neçə sərnişinin sağlamlığına zərər dəyib. İlkin araşdırma zamanı hadisənin törədildiyi avtobusun istismar edildiyi marşrutun həvalə olunduğu daşıyıcı fiziki şəxs ilə bağlanan “60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqavilə”nin müddətinin bitdiyi aşkarlanıb. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın tələbləri də kobud şəkildə pozularaq, qəzaya düşən avtobus istismara yararsız və texniki cəhətdən nasaz olmasına baxmayaraq reysə buraxılıb.
“Məhz bu səbəblər nəzərə alınmaqla Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müvafiq sərəncamı ilə daşıyıcı fiziki şəxs ilə bağlanmış 60 nömrəli müntəzəm şəhərdaxili marşrut üzrə sərnişindaşıma fəaliyyəti göstərilməsi haqqında müqaviləyə xitam verilib və həmin daşıyıcı 60 nömrəli marşrut üzrə müntəzəm sərnişin daşımalarından kənarlaşdırılıb. Sərəncama əsasən 60 nömrəli marşrut üzrə sərnişindaşımanın təşkili müvəqqəti olaraq digər daşıyıcı fiziki şəxsə həvalə olunub və onunla müvafiq müqavilə bağlanılıb”, - deyə N.Allahyarova vurğulayıb.