İQTİSADİYYAT


Bakıda standartlaşdırma, metrologiya və sertifikatlaşdırma mövzusunda beynəlxalq konfrans keçirilir VİDEO

Bakı, 30 may, Elvira Məmmədova, AZƏRTAC

Mayın 30-da Bakıda MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının yaranmasının 25 illiyinə həsr olunan “Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahələrində 25 il razılaşdırılmış siyasətin aparılması” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə MDB ölkələrinin standartlaşdırma üzrə qurumlarının rəhbər şəxsləri ilə yanaşı, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndələri də iştirak edirlər.

Konfransda çıxış edən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, həmçinin Dövlətlərarası Şuranın sədri Ramiz Həsənov bildirib ki, təşkilatın 25 illik yubileyinin Bakı şəhərində keçirilməsi heç də təsadüfi deyil. Son illər ölkəmizin dünyada artan nüfuzu, bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi, xalqımızın qonaqpərvərliyi və digər milli keyfiyyətlər xarici təşkilatların diqqətini cəlb edir.

MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının yubiley iclasında 14 ölkədən, 10 beynəlxalq və regional təşkilatdan 100-dək qonağın iştirak etdiyini deyən Ramiz Həsənov tədbirin əhəmiyyəti haqqında danışıb. Qeyd edib ki, MDB-nin dövlətlərarası münasibətlər modelində iqtisadi əməkdaşlıq, həmçinin sənayenin inkişafı və ticari-iqtisadi əlaqələrin yaranması 25 il əvvəl imzalanmış standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində razılaşdırılmış siyasətə dair Sazişlə bağlıdır. Bu sazişin icrasının effektivliyini artırmaq məqsədilə Dövlətlərarası Şura təsis edilib. Hazırda rəqabətqabiliyyətli məhsul və xidmətlərin yaradılması, bununla da dövlətin iqtisadi potensialının, həmçinin həyat keyfiyyətinin yüksəldilməsi məqsədilə MDB-yə üzv ölkələr üçün texniki tənzimləmə, standartlaşdırma, ölçmələrin vəhdətinin təmin edilməsi, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya vacib alət rolunu oynayır. Bu məqsədə çatmaq üçün 25 il ərzində Şuranın 50 iclası keçirilib, mühüm nailiyyətlər qazanılıb.

Komitə sədri məlumat verib ki, 25 il ərzində Şura tərəfindən standartlaşdırma üzrə 14 mindən çox sənəd qəbul olunub ki, onlardan 7408 dövlətlərarası standart beynəlxalq və Avropa standartları ilə uyğunlaşdırılıb. Təkcə 2016-cı ildə 1067 standart qəbul edilib. Hazırda Dövlətlərarası Şuranın fondunda 25 min 364 standart var.

Digər çıxış edən şura üzvləri təmsil etdikləri təşkilatların fəaliyyətindən danışıb, beynəlxalq təcrübə ilə bağlı fikirlərini bölüşüblər.

Üç gün davam edəcək tədbirdə MDB ölkələri arasında ticari əlaqələrin genişləndirilməsi, ticarətdə texniki maneələrin aradan qaldırılması, texniki tənzimləmə, standartlaşdırma, akkreditasiya sahələrində qarşılıqlı tanınmanın təminatının gücləndirilməsi və digər mövzularda müzakirələr aparılacaq.

Mayın 31-də və iyunun 1-də isə Dövlətlərarası Şuranın 51-ci iclası keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.