İDMAN
Bakı Qran-prisi: Taekvandoçularımız mübarizəni dayandırıblar [YENİLƏNİB]
Bakı, 10 dekabr, Elşad Qəzvini, AZƏRTAC
Yarışın sonuncu günü yığmamız üçün uğursuz olub. Günə üç taekvandoçu ilə başlayan milli komandamız turnirdə çıxışını erkən dayandırıb.
Əvvəlcə Rio Yay Olimpiya Oyunlarının qalibi, öz çəkisinin lideri Radik İsaev (80 kq-dan yuxarı) günə uğursuz start verib. O, rusiyalı rəqibi Roman Kuznetsova məğlub olub.
Daha sonra dayanq üzərinə növbəti iki idmançımız çıxıb. Qran-pridə yeganə qadın təmsilçimiz Yaprak Eriş (57 kq) Hedaya Malaka (Misir) qarşı ilk döyüşünü məğlub başa vurub. Koreya Respublikasından olan Seok-bae Kim ilə qarşılaşan Ayxan Tağızadə (68 kq) də mərhələ adlaya bilməyib və turnirdə çıxışını dayandırıb.
11:04
Bakının ev sahibliyi etdiyi taekvando üzrə Qran-pri yarışının final mərhələsi davam edir.
AZƏRTAC xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçirilən beynəlxalq turnirin sonuncu günündə yığmamızın daha üç taekvandoçusu mübarizəyə qoşulur.
Rio Yay Olimpiya Oyunlarının qalibi, öz çəkisinin lideri Radik İsaev (80 kq-dan yuxarı) günə uğursuz start verib. O, rusiyalı rəqibi Roman Kuznetsova məğlub olaraq turniri erkən başa vurub.
Reytinqdə 12-ci yerdə qərarlaşan Ayxan Tağızadənin (68 kq) rəqibi Koreya Respublikasından olan Seok-bae Kim olacaq. Bu yarışda yeganə qadın təmsilçimiz Yaprak Eriş (57 kq) isə ilk döyüşünü Hedaya Malaka (Misir) qarşı keçirəcək.
Bu gün idmançılar ümumilikdə dörd çəki dərəcəsində qüvvələrini sınayacaqlar. Yarışda hər çəki dərəcəsi üzrə Dünya Taekvando Federasiyasının (DTF) Olimpiya reytinqində qərarlaşan ən güclü 16 idmançı mübarizə aparır.
Turnirdə 47 ölkədən 128 taekvandoçu dayanq üzərinə çıxır. Onların arasında “Rio-2016” və bir sıra turnirlərin medalçıları çoxluq təşkil edir.
Yarış DTF-nin 45 hakiminə həvalə olunub. Azərbaycanı beynəlxalq dərəcəli hakimlər Elşən Quliyev, Oh Kvang Çeol və Elşad Məmmədov təmsil edirlər.
“G8” kateqoriyalı turnirdə qızıl medal qazanan taekvandoçunun reytinqinə 80 xal əlavə olunacaq. İkinci yerin sahibi 48, bürünc mükafatçı 28,8 xal qazanacaq.
Yarışın qaydalarına əsasən, birinci, ikinci və üçüncü yerin sahiblərinə müvafiq olaraq 6 min, 3 min və min ABŞ dolları məbləğində pul mükafatı nəzərdə tutulub.