MƏDƏNİYYƏT
Bakıda tanınmış dizayner Mənzər Hacıyevanın yeni şərf kolleksiyasının təqdimatı olub
Bakı, 30 sentyabr, Ceyhun Alışlı, AZƏRTAC
Sentyabrın 30-da Bakıda “Art Scarves by Menzer Hajiyeva” brendinin təsisçisi olan azərbaycanlı dizayner Mənzər Hacıyevanın yeni şərf kolleksiyasının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Xalça Muzeyində gerçəkləşən təqdimatda toy mövzusundan ilhamlanmış dizaynerin 15-dək əl işinin yer aldığı 2017-ci ilin yaz-yay mövsümünün yeni kolleksiyası nümayiş olunub.
Kolleksiyalar üzərində yer almış möhtəşəm güllər şəklində çaplar və nazik krujevalar, əbədi gözəlliyi və səmimi hisslərlə yanaşı, romantikliyi də əks etdirib. Ümumilikdə, dizaynerin art-şərf konsepti incəsənəti, modanı və yaradıcılığı özündə birləşdirir. Dizaynerin əl əməyinə əsaslanan kolleksiyaları ölkəmizlə yanaşı, İtaliya, Fransa, Böyük Britaniya və Nepalda hazırlanır.
M. Hacıyeva öz işlərində təbii parçalardan – ipək, yun, kişmir və pambıq, eyni zamanda müxtəlif ornamentli müəllif trafaretlərindən istifadə edir.
“Bütün dünyada dəb həftələri keçirildiyi bir vaxtda biz yaz-yay 2017 kolleksiyasını təqdim edirik. Bu mövsümdə sənət sərgisi formatını üstün tutduq və təqdimatı qalereyada keçirməyə qərara gəldik, çünki “Menzer Hajiyeva” brendinin konsepsiyası – mədəniyyət və dəbi özündə birləşdirir. Tədbir bütün dünyada müxtəlif ənənələr və sənətkarların əl əməyini yüksək qiymətləndirən ”The Balvenie” şotland viski brendi tərəfindən dəstəklənir. Əməyimizin yüksək qiymətləndirilməsi, yeni kolleksiyanın nümayişinin dəstəyi və ümumilikdə ölkəmizdə əl işlərinin inkişafına göstərdiyi dəstəyə görə ”The Balvenie” brendinə təşəkkürümüzü bildiririk”, - deyə M. Hacıyeva qeyd edib.
Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da qatıldığı təqdimat maraqla qarşılanıb.