ELM VƏ TƏHSİL
Bakıda tapılan qədim fauna və flora qalıqları Los-Anceles muzeyində nümayiş etdirilə bilər
Bakı, 28 aprel, AZƏRTAC
Bakının Binəqədi rayonundan tapılan buz (pleistosen) dövrünə aid fauna və flora qalıqları Los-Anceles Təbiət Tarixi Muzeyində (LATTM) nümayiş etdirilə bilər.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutundan (GGİ) AZƏRTAC-a bildirilib ki, GGİ-nin H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Tariyel Eybatov və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov Los-Ancelesin George C.Page Muzeyində olublar. Bir həftəlik səfər çərçivəsində institutun əməkdaşları geoloji və paleontoloji baxımdan Binəqədi qır gölü ilə eyni xarakterə malik La Brea qır gölünü ziyarət ediblər. Belə ki, buz dövründə hər iki ərazidə qır gölü olub. Bir çox qədim heyvan, hətta nəsli kəsilmiş yırtıcılar onu içməli su, üzərinə yapışıb qalmış canlılar isə asan yem mənbəyi hesab edib, min illərlə bu tələnin qurbanı olub. Yapışqan qır onların sümüklərini dövrümüzə qədər qoruyaraq saxlayıb. La Breanın maksimal yaşı 55 min il olduğu halda, Binəqədidəki tapıntılar 100-150 min il bundan əvvəlki dövrə aiddir. ABŞ mütəxəssislərinin Binəqədiyə səfəri də nəzərdə tutulur.
T.Eybatov və S.Hüseynov George C.Page Muzeyinin baş kuratoru Con Harris və laboratoriya rəhbəri Şeley Koksun bələdçiliyi ilə Los-Ancelesdəki bu geoloji-paleontoloji abidə barədə, həmçinin muzeyin zəngin kolleksiyası, strukturu, qazıntı və elmi tədqiqat metodikaları haqqında ətraflı məlumatlandırılıblar. LATTM-in strukturunda fəaliyyət göstərən muzeyin kollektivi də Binəqədi fauna və flora qəbiristanlığı haqqında məlumatı maraqla qarşılayıb.
AMEA-nın əməkdaşları LATTM-in prezidenti Ceyn Pisano və vitse-prezidenti Luis Çiappe ilə görüşüblər. Amerikalı alimlər qonaqlara muzeyin zəngin kolleksiyası, elmi potensialı və elmi tədqiqat istiqamətləri haqqında danışıb, yaxın vaxtlarda müəssisənin strukturunun və araşdırmalarının genişləndiriləcəyini bildiriblər. Muzey rəsmiləri planlaşdırılan işlər çərçivəsində dünyanın müxtəlif ölkələrindən fauna və flora nümunələri, o cümlədən Binəqədidən tapılmış skeletləri burada nümayiş etdirmək niyyətində olduqlarını deyiblər.
Təşəbbüsü səmimiyyətlə qəbul edən T.Eybatov bunun AMEA və LATTM arasında müqavilə və ya proqram əsasında mümkün ola biləcəyini söyləyib. Azərbaycan alimi LATTM ilə tanışlığı və əməkdaşlıq təklifini yüksək dəyərləndirib. Qeyd edilib ki, belə bir əməkdaşlıq Bakıdakı dənizkənarı bulvarda yeni binasının tikintisi nəzərdə tutulan H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin strukturunu və kolleksiyasını formalaşdırmaqda təcrübə baxımından faydalı ola bilər.
Xatırladaq ki, Binəqədi fauna və flora qəbiristanlığı Amerika alimlərinin diqqətini 2011-ci ilin yanvarında ABŞ-ın “Natural History” jurnalında dərc olunmuş məqalədən sonra çəkib. S.Hüseynovun C.Harris ilə həmmüəllifi olduğu məqalə hər iki ölkənin geoloji-paleontoloji obyektlərini ətraflı təsvir edir, onların zəngin kolleksiyaları barədə müqayisəli məlumat verir.