MƏDƏNİYYƏT
Bakıda təşkil olunan “Novruz” festivalı maraqla qarşılanıb
Bakı, 27 mart, AZƏRTAC
Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə təntənəli “Novruz” festivalı təşkil olunub. Bir həftə davam edən festival çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən 60-dan çox kollektivin iştirakı ilə konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində respublikanın tanınmış fırça ustalarının sənət əsərləri ilə yanaşı, kulinarlar tərəfindən milli mətbəximizin nümunələri təqdim olunub. Festivalda, həmçinin, pəhləvanlar, akrobatlar öz bacarıqlarını nümayiş etdiriblər.
Bayram festivalını paytaxt sakinləri ilə yanaşı, Ərəb, MDB, Avropa, Amerika ölkələri və İrandan olan turistlər də maraqla izləyiblər.
Qeyd edək ki, ölkə başçısının “Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” müvafiq Fərmanına əsasən, ölkənin beynəlxalq imicinin formalaşdırılması, marketinq işlərinin əlaqələndirilməsi, turistlərin məmnunluğunun və turizm potensialının artırılmasını, beynəlxalq səviyyədə tanıdılmasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi yanında “Milli Turizm Təbliğat Bürosu” publik hüquqi şəxs təsis edilib.