ELM VƏ TƏHSİL
Bakıda türkdilli xalqların ədəbiyyatına həsr olunan ilk beynəlxalq elmi konfrans
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə “Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iki günlük beynəlxalq tədbirdə Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrdən tanınmış alim və mütəxəssislər iştirak edirlər.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli türk xalqları ədəbiyyatına həsr olunmuş konfransın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Bildirilib ki, bu beynəlxalq tədbir müstəqillik illərində Bakıda türk xalqları ədəbiyyatına həsr olunan ilk konfransdır və burada səkkiz ölkədən 94 alim iştirak edir.
AMEA-nın vitse-prezidenti deyib ki, tədbirin məqsədi türkdilli xalqların mədəni və ədəbi inteqrasiyasını daha da sürətləndirmək, son illər ədəbiyyat sahəsində aparılan elmi-tədqiqat işlərini, türkdilli xalqların ədəbiyyatları qarşısında duran problemlərin həlli yollarını müzakirə etmək, təcrübə mübadiləsi aparmaqdır.
Ortaq türk ədəbiyyatının öyrənilməsi və elmi araşdırılması istiqamətində son illər mühüm addımların atıldığını söyləyən akademik İ.Həbibbəyli Beynəlxalq Türk Akademiyası təsis edildikdən sonra türk dövlətləri arasında ədəbi-mədəni əlaqələrin genişləndiyini, dostluq münasibətlərinin daha da möhkəmləndiyini vurğulayıb.
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov bildirib ki, türk xalqları ədəbiyyatının müstəqil tədqiqi ortaq türk ədəbiyyatının öyrənilməsindən başlanmalıdır. Türkdilli xalqların hələ də açılmamış zəngin ədəbi xəzinəsinin olduğunu söyləyən alim qeyd edib ki, bu xəzinənin açılması türkdilli xalqların və dünya ədəbiyyatının öyrənilməsində böyük əhəmiyyətə malikdir.
AMEA-nın müxbir üzvü Muxtar İmanov, türkiyəli alimlər Mesut Şen, Seyfəddin Altaylı, Özbəkistandan Rahmatulla Barakayev, professorlar Məmməd Əliyev, Məhərrəm Qasımlı və başqaları bu cür konfransların təşkilinin türk xalqlarının ədəbi, dil və mədəni birliyinə, onların bir-birinə daha da yaxınlaşmasına xidmət etdiyini söyləyiblər.
Sonra konfrans işini plenar iclaslarla davam etdirib.
Konfransın materialları kitab şəklində çap olunacaq.