CƏMİYYƏT
Bakıda uroloqların ikinci beynəlxalq konqresi keçiriləcək
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 30-da Bakıda “Onkourologiyanın müasir nailiyyətləri” mövzusunda Azərbaycan uroloqlarının II beynəlxalq konqresi keçiriləcək.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Milli Onkologiya Mərkəzi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Azərbaycan Uroloqlar Assosiasiyası tərəfindən təşkil edilmiş konqresin məqsədi onkourologiya sahəsində yeni texnologiyalarla tanış olmaq, xarici həmkarlarla təcrübə mübadiləsi aparmaq və gənc həkimlərin ixtisasını artırmaqdır. Azərbaycanda uroloji xəstələrə tibbi xidmətin gücləndirilməsi, onkoloji xəstəliklərin erkən aşkarlanması və onun qarşısının alınması da konqresin əsas hədəflərindəndir.
Konqresə yerli mütəxəssislərlə yanaşı, Avropa Uroloqlar Assosiasiyası və Türk Onkouroloji Cəmiyyətindən də nümayəndələr dəvət olunublar.