CƏMİYYƏT
Bakıda uroloqların ikinci beynəlxalq konqresi keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Bakıda uroloqların ikinci beynəlxalq konqresi keçirilib.
AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) və Azərbaycan Uroloqlar Assosiasiyası tərəfindən təşkil edilmiş konqresin məqsədi onkourologiya sahəsində yeni texnologiyalarla tanış olmaq, xarici həmkarlarla təcrübə mübadiləsi aparmaq və gənc həkimlərin ixtisasını artırmaqdır. Azərbaycanda urolojı xəstələrə tibbi xidmətin gücləndirilməsi, onkoloji xəstəliklərin erkən aşkarlanması və onun qarşısının alınması da konqresin əsas hədəflərindəndir.
“Onkourologiyanın müasir nailiyyətləri” mövzusunda keçirilən konqresdə yerli mütəxəssislərlə yanaşı, Avropa Uroloqlar Assosiasiyası və Türk Onkouroloji Cəmiyyətindən də nümayəndələr iştirak ediblər.
Konqres çərçivəsində Azərbaycan Onkoloqları Elmi-Tibbi Cəmiyyəti, Azərbaycan Uroloqlar Assosiasiyası və Türk Onkouroloji Cəmiyyəti arasında üçtərəfli anlaşma memorandumu imzalanıb. Sənədi Milli Onkologiya Mərkəzi baş direktorunun müavini Fuad Quliyev, Azərbaycan Uroloqlar Assosiasiyasının sədri Samir Cavadzadə və Türk Onkouroloji Cəmiyyətinin prezidenti Sumer Baltaci imzalayıblar.
Konqresdə çıxış edən Milli Onkologiya Mərkəzinin şöbə müdiri Elturan İsmayılov Azərbaycanda bütün sahələr kimi, səhiyyə sahəsinin də son illər dinamik inkişafda olduğunu deyib. Bu mühüm beynəlxalq tədbirə göstərdiyi təşkilati dəstəyə görə Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevə minnətdarlıq ifadə olunub.
E.İsmayılov ölkə üzrə onkouroloji xidmətin qeydiyyatının vacibliyindən də danışıb. Milli Onkologiya Mərkəzinin keçdiyi inkişaf yolundan və dünyanın nüfuzlu klinikaları ilə əlaqələrindən söhbət açan şöbə müdiri Azərbaycanda onkoloji xəstələrə yardım göstərilməsi və onların zəruri dərman preparatları ilə təmin olunması ilə əlaqədar mükəmməl qanunvericiliyinin mövcudluğunu qonaqların diqqətinə çatdırıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin beynəlxalq standartlara çatdırılması üçün bütün zəruri tədbirlər əzmlə həyata keçirilir. Əsas vəzifələrdən biri də Azərbaycan tibb elmini inkişaf etdirmək və onun dünya tibb elminə inteqrasiyasına nail olmaqdır. Bunun üçün dövlətimiz tərəfindən alimlərə bütün imkanlar yaradılıb.
Bildirilib ki, bu gün Azərbaycanda ən mürəkkəb endouroloji cərrahiyyə əməliyyatları, eləcə də böyrək transplantasiyası uğurla həyata keçirilir.
Konqresdə Nyu-York Universitetinin professoru Bob Djavan “Parsial nefrektomiya zamanı işemik texnikaların tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.
Sonra Fariz Babayev və Fuad Novruzov (Azərbaycan), Sumer Baltaci və Levent Türkeri (Türkiyə) və digər tanınmış uroloqların məruzələri dinlənilib. İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələrdə urologiyanın ən aktual problemlərindən bəhs olunub.
Daha sonra mövzu ətrafında diskussiyalar aparılıb və suallar cavablandırılıb.