MƏDƏNİYYƏT
Bakıda uşaqlar üçün “Qız qalası” festivalı keçirilir
Bakı, 17 sentyabr, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə VII “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu festival çərçivəsində sentyabrın 17-də İçərişəhərdə uşaqlar üçün “Qız qalası” festivalı işə başlayıb. Festivalda 30-dək iştirakçı öz əl işlərini təqdim edir.
Festivalda Bakının müxtəlif yaradıcılıq ocaqlarından gəlmiş gənc rəssamlar Qız qalasının maketlərini öz istədikləri şəkildə bəzəyərək fərqli əsərlər yaradırlar. Hər biri özünəməxsus və fərqli üslubda olan bu unikal müəllif işləri dünyanın müxtəlif ölkələrində nümayiş etdirilərək, Qız qalasının təbliğində əhəmiyyətli vasitəyə çevrilir. Festivalın təşkilatçıları diqqəti həm də ətraf mühitin mühafizəsi məsələsinə cəlb etməyə qərar vermişlər.
Sentyabrın 18-də başa çatacaq festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn turistlər, qonaqlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, “Qız qalası” Beynəlxalq incəsənət festivalı 2010-cu ildən keçirilir. Festival Bakı şəhərində və Fransanın Kann şəhərində reallaşdırılıb. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin ərazisində yerləşən və Bakının rəmzi hesab olunan Qız qalasının dünyada tanıdılmasıdır.