MƏDƏNİYYƏT
Bakıda uşaqlar üçün ustad dərsi keçirilib
Bakı, 13 oktyabr, AZƏRTAC
Moskvanın “Trikster” uşaq teatrının artistləri Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində (RİMM) kölgə teatrı üzrə ustad dərsi keçiblər.
RİMM-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə səhnədə nağılların necə canlandığı ilə maraqlanan ailələr Bakıda çoxdur. Uşaqlar və onların valideynləri təkcə artistlərin çıxışlarına baxmayıb, həm də tamaşa müddətində onun iştirakçılarına çevriliblər.
“Trikster” teatrı hələ gəncdir, cəmi 12 yaşı var, lakin bu müddət ərzində onun yaradıcıları Vyaçeslav İqnatov və Mariya Litvinova bir çox ölkələrdə qastrolda olublar. İndi isə Azərbaycana gəliblər.
Ustad dərsində əvvəlcə uşaqlara görmək istədikləri nağılı seçmək təklif olunub. Onlar “Çəkməli pişik” nağılına səs veriblər. Sonra tamaşanın təşkilatçıları iştirakçılara elə oradaca tamaşa qəhrəmanlarının kuklalarını hazırlamağı təklif ediblər. Hamıya rol çatması uşaqların böyük sevincinə səbəb olub. Saat yarım ərzində tədbir iştirakçıları müsbət emosiyalar, səhnədə müəyyən təcrübə əldə ediblər. Artistlər isə təbii ki, Bakıya bir də gəlmək dəvətini alıblar.