CƏMİYYƏT
Bakıda və ətraf qəsəbələrdə qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də səhər saatlarından etibarən Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, satış yarmarkalarında qurbanlıq heyvanlar bazara nisbətən daha ucuz qiymətə təklif olunub.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib ki, bayram ərəfəsində Bakıya 50-55 minə yaxın xırdabuynuzlu, 5-6 min iribuynuzlu heyvan gətirilib.
Nazir müavini qeyd edib ki, heyvanlar baytarlıq xidməti tərəfindən müayinə olunub. Satışa çıxarılan heyvanların qiyməti maksimum 100 manat dəyərindədir.