İQTİSADİYYAT
Bakıda yanacaq-energetika kompleksində sənaye təhlükəsizliyi məsələlərinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Bakıda “Neftin dənizə və quruya sızması: yanacaq–energetika kompleksində sənaye təhlükəsizliyi” mövzusunda IV praktiki konfrans işə başlayıb.
Tədbirin media tərəfdaşlarından biri AZƏRTAC xəbər verir ki, konfransın əsas müzakirə mövzuları Xəzəryanı ölkələrin ekoloji çağırışlara hazırlığı, neft sızmalarının aradan qaldırılması, monitorinqi və qarşısının alınması üzrə yeni texnologiyaların tətbiqi, sızmaların və çirklənmələrin nəticələrinin aradan qaldırılması, təmizlənməsi və rekultivasiyası, habelə neft və neft məhsulları sızmalarının, neftin qəza nəticəsində suya və quruya sızmasının qarşısının alınması və profilaktikası məsələləridir.
Konfransın moderatoru, “Lamor Turkey” şirkətinin baş direktoru Mətyu Brayzə deyib ki, məqsəd Xəzər dənizi akvatoriyasına, onun sahillərinə və quru yataqlarına neft və neft məhsullarının sızmasına gətirib çıxaran qəza hallarının profilaktikası işində Xəzəryanı ölkələrin neft-qaz sahəsi və dövlət təşkilatlarının səylərini birləşdirməkdir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin xüsusi avadanlığın təchizatı üzrə aparıcı mühəndisi Əkrəm Qəhrəmanov FHN-in, o cümlədən Qəza-xilasetmə Xidmətinin neft sızmalarının aradan qaldırılması üzrə fəaliyyətindən, neft sızmalarının nəticələrinin aradan qaldırılması çərçivəsində Azərbaycanla Xəzəryanı ölkələrin əməkdaşlığından danışıb.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin (TTSİ) direktoru Fuad Süleymanov Dövlət Neft Şirkətinin ekoloji təhlükəsizlik sahəsində kadrların ixtisasının artırılması istiqamətində gördüyü işlər barədə məlumat verib.
“Seanews” şirkətinin direktoru Cahid İstikbal Türkiyə limanları, habelə Bosfor və Cəbəllütariq boğazları timsalında neft və neft məhsullarının sızmasının nəticələrinin necə aradan qaldırılmasından danışıb. O, hadisəyə çevik reaksiya tədbirləri, ekoloji fəlakətlər əleyhinə səmərəli mübarizə vasitələri barədə məlumat verərək bildirib ki, bu ilin sonuna qədər Antalyada Qəza Hallarında Neft Sızmalarına Reaksiya Regional Mərkəzi fəaliyyətə başlayacaq.
“Dentons” şirkətinin böyük hüquqşünası Sona Tağıyeva Xəzər regionunda sənaye təhlükəsizliyi siyasətindən, neft şirkətlərinin fəaliyyətinin tənzimlənməsindən və podratçıların Azərbaycana cəlb olunmasından danışıb. O, neft-qaz kəşfiyyatı və hasilatında tətbiq edilən əsas normativ-hüquqi rejimlər, ətraf mühitin, həyat və əmlakın mühafizəsi, tullantıların məhv edilməsi, zərərli maddələrin atmosferə atılması əleyhinə mübarizə yolları barədə məlumat verib.
Konfransda operator şirkətlər, texnologiya, avadanlıq və xidmət təchizatçıları, dövlət orqanlarının nümayəndələri arasında Xəzər regionunda fövqəladə hallara reaksiya və neft sızmalarının nəticələrinin aradan qaldırılması məsələləri ilə bağlı əməkdaşlığın və qarşılıqlı fəaliyyətin yolları müzakirə edilir.
Beynəlxalq konfransın təşkilatçısı Böyük Britaniyanın “Confidence Capital” şirkətidir.